Çimərliklərdəki sıxlıq yoluxmanın sayını artıra bilər”

“Vətəndaşları sıxlıq olmayan çimərliklərə getməyi və qaydalara əməl etməyi tövsiyyə edirəm”



Çimərliklərlə bağlı qadağanın götürülməsindən sonra çimərliklərə böyük axın müşahidə olunur. Xüsusilə də həftə sonları vəziyyət idarəolunmaz hal alıb. Qaydalara əsasən vətəndaşlar "cimerlik.az" portalı vasitəsilə hansı çimərliyin boş olduğunu öyrənə bilərlər. Lakin bir çox vətəndaş portala baxır və özlərinin əvvəlcədən müəyyənləşdirdiyi çimərliklərə üz tutur. Bu isə sıxlığa səbəb olur və virusun yayılma risqini artırır.

Karantin qaydalarına əməl etməklə dəniz kənarında dincəlmək, günəş şüası insan üçün nə qədər çox xeyirli olsa da, pandemiyanın tələblərinə əməl edilmədikdə bu hal təhlükəli vəziyyət yaradır. Mütəxəssislər də hesab edir ki,  çimərliklərdə müşahidə edilən sıxlıq koronavirusla mübarizədə əldə olunan müsbət nəticənin itirilməsinə təkan verə bilər.

 İnfeksionist  Süleyman Kamilovun sözlərinə görə, çimərliklərdə müşahidə olunan sıxlıq yoluxmanı yenidən artıra bilər. Məhz bu təhlükəni nəzərə alaraq, insanların sıx toplaşdığı çimərliklərə getməməyi məsləhət görən həkim hesab edir ki, çimərliyə gedənlərin böyük əksəriyyəti sahildə maska taxmadığı üçün yaxın məsafədən virus keçə bilər:

"Ona görə də, hər kəs öz sağlamlığının qeydinə qalmalı və  fərdi olaraq  şəxsi izolyasiya qaydalarına əməl etməlidir.  Bu qaydalara əməl etməyin könüllülük  prinsipinə  söykənmədiyini vurğulayan həkim  bildirib ki, bizim kiçik bir səhlənkarlığımız bu virusa yoluxma sayını yenidən artıra bilər.

Vətəndaşları sıxlıq olmayan çimərliklərə getməyi və qaydalara əməl etməyi tövsiyyə edirəm.
İlk dəfə deyil ki, dəniz, çimərlik görürük. 

Hər il dəniz mövsümü açılır və insanlarımız da yetəri qədər istirahət edib əylənirlər. Pandemiya bəlası bitdikdən sonra da həyat öz axarında davam edəcək və insanlar istədiyi qədər dənizdə çimib, sahildə dincələ biləcəklər. 

Bu baxımdan indiki mərhələdə  pandemiya dövrünün  şərtlərinə uyğun davranıb, əhalinin və özümüzün sağlamlığı üçün daha  ehtiyyatlı olmalı və  vətəndaş məsuliyyəti nümayiş etdirməliyik".