Karantin rejimi hələ bir müddət davam etməlidir

Payız aylarında xəstəliklər çoxalır, ona görə virusun yayılma ehtimalı böyükdür


Azərbaycan COVİD 19-a yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Məhz bunun nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olub.  Hazırda isə qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir.

Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış sezonu gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir. Mütəxəssislərin fikrincə, hazırkı dövrdə ölkəmizdə qənaətbəxş dinamikanın olmasına baxmayaraq, mövcud sanitar-epidemioloji vəziyyətin təhlili xüsusi karantin rejiminin uzadılmasına ehtiyac olduğunu göstərir.

Yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir. Vətəndaşlar COVİD-19-un müalicəsi üçün vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümümzü və ətrafımızı qorumağa davam etməliyik.  

COVİD-19 infeksiyası ilə mübarizədə qazandığımız uğurlarda vətəndaşların rolunu yüksək qiymətləndirən millət vəkili Azər Badamovun "Şərq"ə açıqlamasına görə,  vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib:


"İnfeksiyanın daşıyıcısı və yayıcısı insandır. Əgər insanlar müəyyən olunmuş qaydalarla yaşamağına davam edərsə, koronavirusun ölkədə yayılmasını minimumda saxlaya bilərik. Onu da qeyd edim ki, insanlar artıq yeni qaydalara uyğun yaşamasına adaptasiya olur. İctimai nəqliyyatda və qapalı ictimai məkanlarda demək olar ki, hamı tibbi maskadan istifadə edir. Bunu insanlarda sosial məsuliyyət hissinin artması kimi qeyd edə bilərəm. Qaydalara riayət olunmasına nəzarət də güclənib. Müvafiq qurumların əməkdaşları nəzarəti gücləndirib. Bir daha qeyd etmək istəyirəm ki, hamı özünü məsuliyyətli aparsa, koronavirusla mübarizəmiz sona qədər uğurlu olacaq”.

Dünya ölkələrindəki yoluxma sayı ilə bağlı  arzuolunmaz statistikanı misal gətirən  millət vəkili  Sədaqət Vəliyevanın "Sherg.az"a açıqlamasına görə, ABŞ, Braziliya, Hindistan, Rusiya və Cənubi Afrika respublikalarında yoluxanların və ölənlərin sayı ümumi dünya üzrə olan statistikanın təxminən 50 faizini əhatə edirlər:

"Ermənistanda da vəziyyət kifayət qədər  kritikdir. Düşmən ölkədə gündəlik yoluxma 200-300 arasıdır, ölənlərin ümumi sayı isə 900 qədərdir. Yəni bu statistik analogiya onu göstərir ki, Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib".

Azərbaycan dövlətinin infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürdüyünü xatırladan xanım millət vəkilinin sözlərinə görə, ötən bu müddət ərzində  genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb.

İstər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. 

Bu ayın əvvəlində sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılmasına toxunan  millət vəkilinin sözlərinə görə, bu vəziyyətdən də sui-istifadə edən insanların məsuliyyətsiz addımları nəticəsində yoluxma dinamikası  ikirəqəmlidən üçrəqəmli səviyyəyə yüksəldi. Ona görə də, bu gün üçün qarşımızda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir".

S.Vəliyevanın sözlərinə görə, qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış mövsümü gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir. Mövsümi xəstəliklərin koronavirus bəlasına əlavə təkan vermə ehtimalına diqqət çəkən  deputatın fikrincə, o zaman yenidən sərtləşdirməyə getməli olacağıq:

"Hazırkı dövrdə ölkəmizdə qənaətbəxş dinamikanın olmasına baxmayaraq, mövcud sanitar-epidemioloji vəziyyətin təhlili xüsusi karantin rejiminin uzadılmasına ehtiyac olduğunu göstərir.

Yoluxma təhlükəsinin yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər 10 rayonun “sarı” zonaya keçirilməsi mümkündür. Uzun müddətdir bu rayonlarda yoluxma faktlarının aşağı səviyyədə olması buna tam şərait yaradır.

Ona görə də bütün bu səbəbləri və reallıqları nəzərə alaraq yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir.

Vətəndaşlar COVİD-19-un müalicəsi üçün vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümümzü və ətrafımızı qorumağa davam etməliyik. Çünki biz özümüzü və bir-birimizi qorumasaq, əldə olunan nailiyyətləri qoruyub saxlamasaq, sonradan tapılacaq vaksin də köməyimizə çatmaya bilər”.