"Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda dini sahədə yeni bir oyanış, mənəvi dirçəlmə baş verdi"
Bu gün bütün müsəlman dünyasında Aşura günü qeyd olunur. Aşura gününün islam tarixində əhəmiyyətli, özünəməxsus bir yeri var. İslam dünyasının, müsəlman şərqinin ayrılmaz parçası olan ölkəmizdə də bu gün geniş miqyasda qeyd edilir. İnsanlarımız hər zaman öz dini, mənəvi dəyərlərinə böyük ehtiram nümayiş etdirərək sahib çıxırlar.
Bu barədə "Sherg.az"-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, dini dəyərlərimizin qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu Öndər Heydər Əliyev dini və milli dəyərlərimizin qorunmasında, tolerant və multikultural ənənələrimizin təbliğində əməli fəaliyyəti ilə mühüm rol oynayıb. O deyirdi ki, biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz islam dininə, islam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik. Həmçinin 1994-cü il 20 iyun tarixində Təzəpir məscidində Aşura günü mərasimində çıxışı zamanı qeyd etmişdir ki, bütün müsəlmanlar, o cümlədən biz azərbaycanlılar həmin faciəli günü hər il yada salmaqla Vətənə, torpağa, dinimizə, məsləkimizə sədaqətimizi bir daha nümayiş etdiririk. Biz bundan sonra da Quranı-Şərifin, Həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq.
Onun sözlərinə görə, 1993-cü ildə onun hakimiyyətə qayıdışı ilə Azərbaycanda dini sahədə yeni bir oyanış, mənəvi dirçəlmə baş verdi. İnsanlarımızın əsrlərdir qoruyub bu günə kimi çatdırdıqları dini, mənəvi dəyərlərə dövlət səviyyəsində əhəmiyyət verilməyə başlanıldı. Məhz onun sayəsində Bibi Heybət, Təzə Pir məscidlərinin təmir və bərpasına xüsusi diqqət ayrıldı. Ulu öndərin dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkili və tənzimlənməsi istiqamətində gördüyü işlərdən biri də 2001-ci il iyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu.
C.Məmmədov deyib ki, əsası Ulu Öndər Heydər tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün də ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin abidələrimizin, müqəddəs ocaqlarımızın,məscidlərimizin bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Heydər məscidi, Hacı Cavad,Əjdərbəy,Şamaxı Cümə və digər onlarla məscidin açılışı,binasının inşası da əksini tapıb. Son dövrlərdə bütün dini abidələrdə,məscidlərdə həyata keçirilən bərpa və yenidənqurma işləri dövlət başçısının xalqımızın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsidir:
"Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq, dünyada islam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, islam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz islamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik" söyləyən cənab prezidentin bu sahədəki fəaliyyəti uğurla davam edir.
Deputat bildirib ki, məhz onun apardığı düzgün siyasət nəticəsində ölkədə dini təhlükəsizlik bərqarar olub, inanclı insanlara,dindarlara hörmətlə yanaşılır, onların dəyərləri daima uca tutulur. Məlumdur ki, artıq neçə müddətdir dünyanı bürüyən koronavirus pandemiyasına görə ölkəmizdə də ciddi karantin rejimi tətbiq olunmaqdadır. Bu səbəbdən sanitar-epidemioloji vəziyyətlə əlaqədar dini ayinlərin ənənəvi şəkildə keçirilməsi mümkün deyil. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə insanlarımızın bu qaydalara riayət etməsi və kütləvi ibadət tədbirlərindən kənar durmağı zəruri hala çevrilmişdir. Biz də öz növbəmizdə hər kəsi yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməyə, qayda-qanunlara riayət etməyə səsləyirik. Bu yöndə Qafqaz Müsəlmanları İdarəsinin və din xadimlərinin müraciətlərini nəzərə almağı xahiş edirik. Bu cür vəziyyət digər islam ölkələrində də müşahidə olunmaqdadır. Mövcud durum nəzərə alınaraq, analoji qaydalara riayət olunması, məscidlərin qapalı qalması, dini ayinlərlə bağlı xüsusi məhdudlaşdırıcı qaydaların tətbiqi digər müsəlman ölkələri üçün də keçərlidir. Xəstəliyə qalib gəlməyin yolu qaydalara əməl etməkdən keçir.