Monitorinqlər kampaniya xarakterli yox, daimi olarsa müsbət nailiyyətlər əldə etmək olar
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda sanitar-təmizlik tədbirlərinə diqqət artırılır, görülən işlərə nəzarət etmək üçün monitorinqlər keçirilir. Aparılan monitorinqlərin nəticələri onu göstərir ki, şəhərin mərkəzi və əksər rayonlarında sanitar təmizlik məsələləri qənaətbəxş olsa da, bu işlərlə yerli bələdiyyə və qəsəbə nümayəndəliklərinin məşğul olduğu bəzi kənar ərazilər və qəsəbələrdə müəyyən problemlər qalmaqdadır.
BŞİH tərəfindən Binəqədi
rayonunun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət
tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə
monitorinq keçirilib. BŞİH başçısı Eldar Əzizov rayondakı problemlərlə yerində
tanış olub. Keçirilən yoxlama nəticəsində Binəqədi rayonunun Xocasən, Binəqədi
və 28 May qəsəbələrində sanitar təmizlik sahəsində nöqsanların olduğu
aşkarlanıb.
Aşkar edilən çatışmazlıqlar yerində müzakirə
edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar
Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi
üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar
edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması
tapşırılıb.
Bildirilib ki, paytaxtın qəsəbələrində sanitar vəziyyətlə bağlı araşdırmalar davam etdiriləcək.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq"ə açıqlamasında paytaxtda
sanitar-təmizlik tədbirlərinə diqqət artırılması və görülən işlərə nəzarət məqsədi ilə monitorinqlərin keçirilməsini müsbət addım kimi dəyərləndirib.
Onun sözlərinə görə, sanitar təmizlik sahəsində nöqsanların olduğu aşkarlandığı zaman isə sadəcə icra hakimiyyəti başçısının birinci müavinləri yox, lazım gələrsə, icra başçılarının özləri də cəzalandırılmalıdır. Töhmətdən əlavə bu şəxslər maddi cərimə olunmalıdır ki, məsuliyyətləri artsın. Son vaxtlar korrupsiyaya qarşı mübarizə çərçivəsində icra başçılarının həbs olunması onların reytinqini aşağı salıb.
M.Zülfüqarlının sözlərinə görə, bu monitorinqlər
kampaniya xarakterli yox, daimi olarsa müsbət nailiyyətlər əldə etmək olar.