Yod orqanizimdə bir çox funksiyanın yerinə yetirilməsinə təsir edir. Onun azlığı da çoxluğu qədər sağlamlığımıza birbaşa təsir göstərir. Mütəxəssislərin sözlərinə görə orqanizmdə yod çatışmazlığını yaradan əsas səbəblərdən biri sağlam qidalanmamaqdır.
Bu isə öz növbəsində bir çox təhlükəli sağlamlıq problemlərinə gətirib çıxarır.
Həkim endokrinoloq Arzu Əyyubovanın " Sherg.az"a verdiyi açıqlamaya görə, yod çatışmazlığından ən çox ziyan görən qalxanvarı vəz olur. Vəz öz funksiyalarını yerinə yetirə bilmədikdə isə zob, əqli zəiflik, sonsuzluq kimi problemlər yaranır.
Həkimin sözlərinə görə, yod çatışmazlığı kimi, onun orqanizmdə həddən artıq olması da təhlükəlidir: "Körpələr və 6 yaşa kimi uşaqlarda gündəlik yod ehtiyacı 90 mikroqram, 6-12 yaş arasında olanlarda isə 120 mikroqramdır. Gənclər və orta yaşlılar gün ərzində 150 mikroqram yod qəbul edə bilərlər. Hamilələrin və uşaq əmizdirən anaların isə yoda olan tələbatı artdığından onlar miqdarı gündə 200 mikroqrama qaldıra bilərlər".