"İndi isə cəmiyyət diqqətli olmalı və qorunma tədbirlərinə ciddi əməl etməlidir"
Ölkədə tətbiq olunan karantin qaydalarının mərhələli şəkildə yumşaldılması öz effektiv nəticələrini göstərir. Görülən əks-epidemik tədbirlərin səmərəliliyi nəticəsində pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb.
Hətta artıq bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verilib. Hazırda əsas məsələ əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır. Vətəndaşlardan tələb olunan isə yalnız məsuliyyətli olmaq, karantin qaydalarına riayət etməkdir.
Millət vəkili Ceyhun Məmmədovun "Sherg.az"a açıqlamasına görə, yumşalmalara gedilməsi pandemiyanın başa çatması anlamına gəlməməli və insanlarda arxayınlıq yaratmamalıdır:
"Son günlər karantin rejiminə bəzi yumşalmalar tətbiq edildi. Bir çox qadağalar götürüldü. Bu isə insanların sərbəst fəaliyyətinə, paralel olaraq iqtisadi fəallığın artmasına səbəb olacaq. Sözsüz ki, pandemiyanın ən ciddi təsir göstərdiyi sahələrdən bir də iqtisadiyyatdır.
Dünyanın bir çox ölkəsində pandemiya səbəbindən iqtisadi tənəzzül yaşandı. Pandemiyanın insan sağlamlığı ilə yanaşı iqtisadi fəallığa da çox ciddi mənfi təsirləri oldu.
Bəzi qadağaların ləğv edilməsi sözsüz ki, yenidən iqtisadi fəallığın bərpasına xidmət edəcək. Kafe və restoranların fəaliyyətinə artıq gecə saatlarına qədər icazə verildi. Qapalı məkanlarda pandemiyanın şərtləri gözlənilməklə xidmətə icazələrin verilməsi də labüd idi”.
Millət vəkilinin sözlərinə görə, pandemiyanın başlanğıcından dövlət bütün zəruri addımlar atdı. İndi isə cəmiyyət diqqətli olmalı və qorunma tədbirlərinə ciddi əməl etməlidir".