Dayanmaq olmaz ! - “Hərbi əməliyyatları yarımçıq qoymamalıyıq”


“Torpaqlarımızı tamamilə azad edənədək dayanmaq olmaz”

Cəbhənin müxtəlif istiqamətlərində artıq bir neçə gündür əks-hücum əməliyyatları başlayıb. Müdafiə Nazirliyi anbaan verdiyi rəsmi məlumatlarla, qələbə xəbərləri ilə bizi sevindirir. Hərbçilərimizin Dağlıq Qarabağa doğru atdıqları hər bir addım bizi həsrətin sonuna- vətənə yaxınlaşdırır. Elə isə irəli, əsgərlər, Vətən eşqi ilə!

 Sevindirici haldır ki, cəmiyyətimizdəki hərbi-vətənpərvərlik ruhu ən yüksək səviyyədədir. Bunu ictimai siyasi xadimlər, hərbi ekspertlər də təsdiqləyirlər.

 Ehtiyatda olan baş gizir Taptıq İbrahimov “Sherg.az”a açıqlamasında cəmiyyətimizin məğrurluğundan, əzmkarlığından danışdı:

 “İctimaiyyətimizdə böyük ruh yüksəkliyi var. Döyüşlərdə könüllü iştirak etmək üçün müraciət kifayət qədər çoxdur. Belə də olmalıdır. Çünki ATƏT-in Minsk qrupu 30 ildir, faktiki olaraq heç bir işlə məşğul olmur. Xalq da artıq bezib. İnsanlar döyüş, tarixi qələbə arzulayırlar. Başlanan geniş miqyaslı hərbi əməliyyatları yarımçıq qoymamalıyıq. Əksinə, sonadək-torpaqlarımızı tamamilə azad edənədək dayanmaq olmaz. Torpaqlarımızı düşmənə miras qoymamalıyıq”.

 T.İbrahimovun sözlərinə görə, indi informasiya təhlükəsizliyi məsələsinə də diqqətlə yanaşmalıyıq:

“Panikaya yol vermək, təxribatlara, dezinformasiyalara inanmaq olmaz. Bu mənada sosial şəbəkələrin fəaliyyətinin dayandırılması çox yaxşı idi. Düşünürəm ki, Ermənistan ordusu kimi, yerli xalqa da xəbərdarlıq edilməlidir. Onlara torpaqlarımızdan könüllü çıxmaq təklif olunmalıdır. Sonra deməsinlər ki, azərbaycanlılar bizə qarşı genosid törətdilər”.