Korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığı ölkənin iqtisadi-siyasi və sosial həyatına zərbə vuran problemlərdir. Heç kimə sirr deyil ki, Azərbaycanda belə arzuolunmaz hallara qarşı ciddi mübarizə aparılır. Məsələn elə bu günlərdə həm "karyerası" , həm də azadlığı ilə vidalaşan "Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Vidadi Muradovun qanunsuz əməlləri ifşa olunub. 7 ay əvvəl Prezident tərəfindən "Şöhrət orden"i ilə təltif edilən Vidadi Muradov ümumilikdə 3 milyon 572 min 427 manat vəsaiti mənimsəyib. Vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməklə yanaşı mənəvi-tarixi ziyan da vurub.
09 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Sherg.az"a deyib ki, belə hadisələrin baş verməsində əsas səbəb ölkədə ciddi nəzarət mexanizminin olmamasıdır:
"Komissiyaların tərkibi eyni adamlardan təşkil olunur. Bu tərkib də, dəyişilməlidir, fərqli adamlar olmalıdır. Müxafilətin fikrini də, nəzərə alıb qərar qəbul edə bilərlər.
Bu adam korrupsiyaya gələnə qədər müvafiq titullara layiq görülüb. Yəqin ki, bunlar saxtadır.
Cinayətinin üstü dövlətə böyük ziyan vurandan sonra açılıb. Əgər nəzarət mexanizmi güclü olsaydı, birinci qeyri-qanuni hərəkətindən sonra onun qarşısını almaq olardı".