Xəbər verdiyimiz kimi, fevralın 1-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı dövlət başçısı bəzi yüksək vəzifəli məmurları tənqid edib. Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla bağlı tənqidi fikirlərini belə ifadə edib:
"Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var?”.
Vəziyyəti dəyərləndirən millət vəkili Razi Nurullayev “Sherg.az”a bildirib ki, əslində Şuşa hər kəs üçün əziz məkandır. Dövlət Qurumları Şuşada yeni filialın açılmasını onun statusunu gücləndirəcəyini düşünürdü:
“Bir çoxları zənn edirdi ki, cənab prezidentin bu təklifdən xoşu gələcək. Onlar da müəyyən vəsait qoyacaqlar, yeni tikili və abadlaşdırma işləri aparacaqlar. Amma bu baş tutmadı. Ümumiyyətlə, Azərbaycanın idarəetməsində yeni bir format yaradılır. Bu proses çətin gedir, formata uyğunlaşmaq lazımdır. Bu günə qədər idarələr nazirliklərə icazə verirdilər ki, harada istəsələr tikinti aparsınlar yaxud təklif versinlər. İndi də təklifin irəli sürülməsində qeyri-adi nə isə axtarmaq olmaz. Çünki bunlar köhnə idarəçilikdən qalma məsələlərdir. Fikrimcə, yavaş-yavaş bunlar öz həllini tapar”.