İndi də “At Elçin” peyda oldu: 10 ton yararsız ət aşkarlandı – “Zəncir” qırılmır!

"Belə ətlər müxtəlif restoran və dönərxanalara, uşaq bağçalarına qədər gedib çıxır” 

“Çünki zəncirin axırıncı nöqtəsində  biz istehlakçılar dayanırıq, məhsulu hardansa almışıq və bu, bilinəndə etirazlar yaşana bilər” 



Ölkəmizdə ölü at və iribuynuzlu heyvan ətlərinin satışı ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu gün Salyanda heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iribuynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan şəxslər ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.

Keçirilmiş əməliyyatlar nəticəsində müəyyən edilib ki, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Kərimov həmyerlisi Davud Əhmədovla birgə ölmüş at və iribuynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı və satışı ilə məşğul olub. Elçin Kərimova məxsus fermaya baxış keçirilərkən mənşəyi məlum olmayan 10 ton mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb.



Məsələ ilə bağlı “Sherg.az”a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları görür. Təsadüfi deyil ki, keçən il həbs olunmuş bir qrup adama ağır cəza verildi, “Leş Tofiq” isə cəzasını çəkib azadlığa buraxıldı:

"Salyanda ifşa olunan insanlar əvvəllər məhkum olunub. Görünür ki, DİN-nin həyata keçirdiyi cəza tədbirləri real vəziyyəti dəyişmir. Səbəb odur ki, bu şəxslər öz rayonları üçün lazımlı şəxslərdir. Yəni heyvanı ölmüş insanlar üçün bu şəxslərə tələbat var. Kiminsə heyvanı öləndə 100 manat məbləğində pul alır, vəssalam.

Məsələni kökündən həll etmək üçün təkcə DİN-in və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin apardığı iş azlıq edir. Ona görə də ciddi ictimai qınaq lazımdır. Kəndin ağsaqqalları, bələdiyyələri, müəllimləri, ziyalıları buna qarşı mübarizə aparmalıdır və heyvanı ölən insan o şəxsi axtarmamalıdır".

E.Hüseynov vurğulayıb ki, ölmüş heyvanı satanlar da məsuliyyətə cəlb edilməlidirlər:

"Belə ətlər müxtəlif restoran və dönərxanalara, uşaq bağçalarına qədər gedib çıxır. Bu zənciri sona qədər çözmək məqsədəuyğun deyil. 
Çünki zəncirin axırıncı nöqtəsində  biz istehlakçılar dayanırıq. Məsələn, şadlıq sarayında yararsız ət verildiyini bilsələr, insanlar toy edəni ifşa edər. 
Azad İstehlakçılar Birliyi olaraq məsələnin sona qədər həll edilməsinin tərafdarıyıq. 

Sovet vaxtı kimsə belə yarasız, ölü əti satışa çıxarardısa, hər kəs həmin şəxsi görəndə deyərdi ki, sənin baban ölmüş heyvan əti satıb. 

Təəssüflər olsun , ənənəvi olmayan və yeyilməyən heyvan ətlərinin ölkədə satışı üçün qadağa yoxdur.
Kənd təsərrüfatı nazirliyinin əhəmiyyətli bir adamı 4 il əvvəl çıxış edib dedi ki, elə ət satmaq olar. 

Belə bir şəraitdə olduğu üçün məhsullar satışa çıxarılır. 
Ona görə istehlakçıların belə bir halın şahidi olarlarsa, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA) qaynar xəttinə ( 1003 ) məlumat versinlər.
Bütün ictimaiyyəti əl-ələ verib bu cür anormal vəziyyətə qarşı mübarizəyə çağırıram”.