"Hərbi Qənimətlər Parkını pullu eləmək doğru deyil"

Xəbər verdiyimiz kimi, aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub. 
Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb: açıq səma altında nadir park salınıb.
Bu gündən isə sözügedən park vətəndaşların üzünə açıqdır.  Sosial mediada parka girişin pullu olub-olmaması ilə bağlı fərqli mülahizələr irəli sürülür.

Yayılan iddialara görə, vətəndaşlar 2 AZN, bələdçiylə 20 AZN,  xarici vətəndaşlar 10 AZN, 6 yaşına qədər uşaqlar isə parkı pulsuz ziyarət edə bilərlər. Qeyd edək ki, sosial şəbəkələrdə,  toplanan məbləğin "YAŞAT" Fonduna köçürülməsi ilə bağlı fikirlər də səslənir.

Parka girişin pullu olması nə dərəcədə doğrudur?


Mövzu ilə bağlı "Şərq"ə danışan  qazi, hərbi-jurnalist Rey Kərimoğlu parkın yaradılmasını dəyərləndirib. Onun sözlərinə görə, girişin ödənişsiz olması daha məqsədəuyğundur:
"Parkın yaranması çox gözəldi! Alqışlayıram! Qaldı ödənişlə girişə, pulsuz olsa yaxşıdır! O hərbi qənimətlər üçün xalqın övladları qan töküb, hazırda oranı pullu eləmək doğru deyil. Ola bilsin ki, gələcəkdə ödənişli olsun, amma baha olmamalıdır. Adamın biri 50 qəpik və ya bir az, çox. 2 manat çox bahadır. Pullu olacağı təqdirdə, şəhid ailələri, qazilər, veteranlar, hərbçilər, əlillər üçün mütləq pulsuz olmalıdır".