““YAŞAT” Marafonuna hər kəs qoşulmalıdır”

“Həmrəylik, birlik marafonunun uğurla nəticələnəcəyini inanıram"


Şücaətli əsgər və zabitlərimiz canları bahasına Azərbaycan xalqına zəfər yaşatdılar, Qarabağ həsrətini bitirdilər. İndi isə növbə xalqdadır. Xəbər verdiyimiz kimi sabah Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək.
Dünya azərbaycanlıları "Bizə zəfəri yaşadanları yaşadaq!"  şüarı altında marafon başladıb.  Bir ay davam edəcək marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək "YAŞAT" Fonduna ianə etməyə çağırışdır.

Qeyd edək ki, videoyayım formatında təşkil ediləcək Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş ediləcək.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç "YAŞAT" Marafonu barədə fikirlərini "Sherg.az"la bölüşüb.

" "YAŞAT" marafonunu yüksək dəyərləndirirəm.  Can Azərbaycanımız torpaq üçün şəhidlik zirvəsinə ucalanların ailələrinə və qazilərə yardım edir.  Çünki onlar Vətən uğrunda canlarından keçiblər, onların geridə qalan ailəsinə diqqət və qayğı göstərməsi çox önəmlidir. Vətən üçün döyüşmüş qazilərə və Şəhid ailələrinə dövlətin dəstək verməsi vacibdir. Türkiyədə də şəhid və qazi ailələrinə böyük diqqət göstərilir. Bir müddət öncə Azərbaycanda şəhid ailələrini ziyarət etdim.Həqiqətən fəxr edirəm.  Onlar da dövlətin yardımından, şəfqətindən razıdırlar. Orada gördüyüm hər şey məni sevindirir, qürurlandırır".

Hulusi Kılıç açıqlamasında "YAŞAT" Fondunun fəaliyyəti və marafonun əhəmiyyətli olduğunu əlavə edib:

"Dövlət deyir ki, siz bu torpaqlar üçün döyüşmüsünüz, şəhid olmusunuz ailənizə də diqqət və qayğı göstərmək boynumuzun borcudur. 
"Bizi yaşadanları yaşadaq!". Onlar olmasa torpaqları işğaldan azad edə bilməzdik. İşğaldan azad edilmiş torpaqlar uğrunda şəhid olanlara Allah rəhmət etsin! Ailələrinə səbr və güc versin. Qazilərə və ailələrinə uzun ömür arzu edirəm. Türkiyədə işlədilən bir ifadə var: "Bayraqları bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa, Vətəndir!" Bu çox önəmlidir. Qarabağ torpaqları şəhid qanı ilə suvarılıb. "YAŞAT" Fondunun marafon təşəbbüsü  daha yaxşı həyat şəraiti yaradılmasına dəstək olacaq. Bu milli marafona hər kəs qoşulmalıdır.  Həmrəylik, birlik marafonunun uğurla nəticələnəcəyini inanıram".