Yanvarın 1-dən yeni qanun gəlir

Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni meyarlar 630 min insanın taleyinə təsir edəcək

"Azərbaycanda əlilliyə çıxan şəxslərin əksər hissəsi kasıb və aztəminatlı təbəqədir və onlar haqda verilən ləğv qərarlarını dayandırmaq lazımdır"


Azərbaycanda əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişdiriləcək. Milli Məclisin dünənki iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olanlar 61-80 faiz, III dərəcə isə funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənir.

Qüvvədə olan qanuna görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yeni layihəyə əsasən isə şəxsin orqanizminin funksiyalarının itirilməsi faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Üçüncü oxunuşda qəbul ediləcəyi təqdirdə, 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub. Əlavə edək ki, əlilliyin müəyyənləşdirilməsinin yeni meyarları ilə bağlı 60-dək qanuna da dəyişiklik edilir.

“Bu rəqəm minlərlə ölçülürsə, günahını aidiyyəti orqanlar daşıyır”

Parlamentin növbədənkənar iclasında deputatlar əlilliyin yenə meyarlarla təyin edilməsi ilə bağlı fikirlərini bildiriblər. Deputat Əli Məsimli deyib ki, qanunda nəzərdə tutulan dəyişikliklər 630 mindən çox insanın taleyini həll edir. Onun sözlərinə görə, dəyişikliklərin əlavə problemlər yaradacağı, yoxsa əlilliklə bağlı mövcud problemin aradan qaldırılmasına kömək edəcəyi sual doğurur: “Bu dəyişikliklərin əlilliyi olan insanların aldığı müavinətin artmasına təsir göstərib-gəstərməyəcəyi bilinmir. Əlilliyin qiymətləndirilməsi ilə bağlı elektron sistem mükəmməl deyil. Bu da əlavə problemlər yaradır. Digər tərəfdən, əlilliyi ləğv edilən, saxta əlillik dərəcəsi alan insanları günahlandırırlar. Amma bu rəqəm minlərlə ölçülürsə, bunun günahını aidiyyəti orqanlar daşıyır”. Deputat xüsusi səyyar komissiyalar yaradılmasını təklif edib: “Əlilliyi haqsız ləğv olunanların əlilliyi bərpa edilməlidir”. O, qazilərin əlilliyinin müəyyən edilməsi ilə bağlı problemlərin hələ də qaldığını sözlərinə əlavə edib.

“Yəni 200 minə yaxın insanın əlilliyi ləğv ediləcək?”

Deputat Qüdrət Həsənquliyev bildirib ki, pianoçu, tarzən bir barmağını itirirsə, bütün əmək qabiliyyətini itirir: “O şəxslərə I qrup əlillik dərəcəsi verilməlidir. Hansısa professorun bir barmağını itirməsi ilə, rəssamın bir barmağını itirməsi eyniləşdirilməməlidir. Həm də burada bizə məlumat verilməlidir ki, bu dəyişikliklərlə hökumət nə qədər vəsaitə qənaət edəcək. Yəni 200 minə yaxın insanın əlilliyi ləğv ediləcək? Burada məqsəd daha az insana sosial müavinət, daha az insana əlillik dərəcəsi verməkdir. Əslində, məqsəd bu olmamalıdır. Qanunsuz əlilliyi təyin edən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu sənədlər çoxdan Baş Prokurorluğa göndərilməliydi”.

“17 min nəfərin əlillik təyinatının ləğv edildiyi açıqlanıb”

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Azərbaycan əhalisinin hər 100 min nəfərinə düşən əlil sayına görə MDB məkanında 3-cü, Avropa sıralanmasında isə 56-cı yerdədir: “Əlillərlə bağlı son rəsmi rəqəmlər 600 minə qədərdir və onların 80 faizdən çoxu 2-ci qrupdur. Göründüyü kimi, millətimiz haqda bədgüman mülahizələrə yer yoxdur. Ölkəmizdə əmək qabiliyyətli əhalinin 68 faizdən yuxarı olması dünyadakı göstəriciyə tamam uyğundur”. Z.Oruc bildirib ki, indiyədək 90 min insanın pensiyasının, 17 min nəfərin əlillik təyinatının ləğv edildiyi açıqlanıb: “Bu qədər vətəndaş ordusunun harada - əmək bazarında, özünüməşğul əhalinin sırasında, yoxsa işsizlərin siyahısında, ya da ictimai işlər və özəl sektorda özünə yer etməsinə dair məlumatı da təqdim etmək yaxşı olardı. 250 min şəxsin yenidən tibbi baxışa qayıtması, həmin şəxslərin də yekunda 60-70 mininin artıq əlillik reyestrindən çıxarılacağının anonsu bizi qayğılandırmaya bilməz. Biz vətəndaşlarımızın sağlamlıq durumuna diaqnoz qoyarkən 2022-ci ildən qüvvəyə minəcək indiki daha humanist və çoxçeşidli qaydalarla deyil, haqsız olaraq tam əksəriyyətinə “saxta” deyib vətəndaşımızı yarğıladığımız, birtərəfli qaydada onu günahkar çıxardığımız, müftəxorluqda suçlandırmağa səbəb olan hazırkı ləğv qərarları ilə üz-üzə qoymuşuq”. Komitə sədrinin fikrincə, Azərbaycanda əlilliyə çıxan şəxslərin əksər hissəsi kasıb və aztəminatlı təbəqədir və onlar haqda verilən ləğv qərarlarını dayandırmaq lazımdır.

“Faiz məsələsi bank faizləri kimi xalqı böyrü üstə qoyacaq”

Deputat Razi Nurullayev isə bildirib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişikliklərin xeyli hissəsi mütərəqqi olsa da, əlilliyin bu şəkildə faizlə müəyyən edilməsi düzgün deyil: “Ola bilsin ki, bu, digər ölkələrdə özünü doğruldub, bizdə isə bu bir korrupsiya və ədalətsizliyə yol açacaq. Əlilliyin faizlə müəyyən edilməsi əyriliklərə və rüşvətxorluğa imkan yaradacaq. Deyək ki, birinin qara ciyəri, böyrəkləri, mədəaltı vəzisi, nə bilim, ürək damarları 50 faiz funksionallığa malikdir, pul verəcək yazacaqlar 62 faiz. Yaxud xəstəyə pul vermədiyi üçün 70 faiz işləməyən böyrəklərinə 53 faiz yazacaq. Yəni bu faiz məsələsi bank faizləri kimi xalqı böyrü üstə qoyacaq. Əlilliyin təyinat məsələsini iki hissəyə bölmək lazımdır. Görünən və təsbit olunan əlillik - bura bədən orqanlarını itirmiş şəxslər daxildir - bir də daxili xəstəliklər ucbatından verilən əlillik. Ən çox incitmələr gözlə görünə bilməyən xəstəliklər ucbatından olacaq. Belə düşünürəm ki, bədən üzvlərini itirməyən şəxslər üçün əlillik almaq çətinləşdirilir”.

“Bütün əlillərin bundan razı qalacağını deyə bilmərəm”

Deputat Rüfət Quliyev isə deyib ki, burada ən böyük problem insanların işlə təmin edilməməsidir. O hesab edir ki, bu insanlara seçim verilməlidir: “Xüsusilə 3-cü qrup əlillər özünüməşğulluq proqramı çərçivəsində işlə təmin edilə bilər. Ayda 300-400 manat müavinətin əvəzinə bu şəxslər özünüməşğulluq proqramı çərçivəsində işləyərək bəlkə də iki dəfə artıq pul qazana biləcək. Bu insanlarla individual qaydada söhbətlər edilməlidir. İkincisi, adi əlillə müharibədən qayıdan əlil eyni deyil. Xahiş edirəm, bununla əlaqədar fikrimizi formalaşdıraq. Biri hansısa bədbəxt hadisə nəticəsində, digəri könüllü müharibəyə gedərək əlil olur. Yeni dəyişikliklərlə korrupsiyanın qarşısı maksimum alınacaq, amma bütün əlillərin bundan razı qalacağını deyə bilmərəm”.

“Bu fikirlərin heç bir əsası yoxdur”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, qanun qəbul ediləndən sonra 200 minə yaxın insanın əlilliyinin ləğv edilməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: “Bu fikirlərin heç bir əsası yoxdur. Bəlkə də qanun qəbul ediləndən sonra əlillərin sayı artacaq. Qanunda müharibə əlilləri və adi əlillərə heç bir fərq qoyulmalı deyil. Bu, bizim də qoşulduğumuz əlillərlə bağlı beynəlxalq konvensiyaya ziddir. Müharibə əlillərinə ayrıca imtiyazlar müəyyən edilməlidir. Azərbaycanda da bu şəxslərə 15-ə qədər imtiyaz müəyyən edilib. Onların aldığı pensiya dəfələrlə çoxdur, Prezident təqaüdü alanlar da var”.

“Qanun qəbul ediləndən sonra 800 meyar, diaqnoz üzrə faizlər müəyyən ediləcək”

Komitə sədri vurğulayıb ki, qanun qəbul ediləndən sonra 800 istiqamət üzrə - yəni 800 meyar, diaqnoz üzrə faizlər dəqiq müəyyənləşdiriləcək və Nazirlər Kabinetinin qərarı olacaq: “Bu diaqnozlar ƏƏSMN-in saytında da yerləşdiriləcək. Hər bir əlil hələ ekspertizaya getməmiş diaqnozuna və faizə baxmaqla orqanizmin neçə faizini itirməsini biləcək”. Deputat bildirib ki, iş yerlərinin ağırlığına görə pensiyaya çıxma yaşının müəyyənləşdirilməsi yeni qanunlarda nəzərdə tutulub: “Dəyişikliklərin məqsədi büdcəyə qənaət deyil. Bu sənəddə maliyyə əsaslandırılmasından söhbət gedə bilməz. Çünki bu, işin maliyyə hissəsi deyil”.