Televiziyalar hədəfdə: Nə qədər Nadirdən, Aygündən..."

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB televiziyasının efirində narkotik vasitələrin dövriyyəsiylə bağlı maraqlı faktlar açıqlayıb. O,  bir neçə gözəllik salonunda qadınlara arıqlama dərmanı adı altında narkotik maddə metanfetamin “patı”nın satıldığını bildirib. Daxili İşlər Nazirliyinə bir neçə belə fakt daxil olub və faktlar araşdırılıb. Həmin əməlləri törədən şəxslər barəsində tədbir görülüb. Bununla belə DİN rəsmisi deyib ki, gözəllik salonlarına gedib arıqlama dərmanı adıyla müxtəlif həblər əldə edən şəxslər diqqətli olmalıdırlar. Çünki salonlarda həmin narkotik vasitələri qadınlara verən şəxslər onun narkotik tərkibli maddə olduğu barədə məlumat vermirlər. Nəticədə bir-iki dəfə istifadədən sonra həmin qadınlar “patı”nın aludəçisinə çevrilirlər.

 Keçmiş polis rəisi Mahmud Hacıyev sözügedən narkotik vasitənin belə kütləviləşməsi barədə “Sherg.az”a danışdı:

“Cinayətkarlıq hər yerə çatır. Ümumiyyətlə, insan faktoru olan yerdə belə neqativ hallar istisna deyil. Polis orqanları bu işlə ciddi məşğul olur, uğurlu əmliyyatlar keçirirlər”.

 M.Hacıyev, həmçinin medianın fəaliyyətindən söz açdı:

“Qəzet və saytlar kifayət maarifləndirici materiallar təqdim edirlər. Amma məsələ ondan ibaərtdir ki, qadınlar mətbuata üstünlük vermir, daha çox televiziyaya baxırlar. Kanallarımızın susması, bu barədə bircə dəqiqəlik videosüjet təqdim etməməsi isə təəssüfləndiricidir. Sanki “qurbağa gölünə daş atmısan”. Nə qədər Nadirdən, Röyadan, Aygün Kazımovunun donunu uzatmasından danışmaq olar?! Qadınlar maariflənməli, bu cür maddələrin asılılıq yaratdığını bilməlidirlər”.