Ermənistan Baş Prokurorluğu Serj Sarkisyan barədəki hökmdən apellyasiya şikayəti verəcək

Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Serj Sarkisyan barəsində “dizel işi”nə görə çıxarılan bəraət hökmündən apellyasiya şikayəti verəcək.
APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə sözü gedən qurumdan məlumat verilib.

“Dizel işi”nin mahiyyəti ondan ibarətdir ki, Serj Sarkisyan və daha iki nəfər 2013-cü ildə qanunsuz olaraq cinayət əlaqəsinə girərək neft və neft məhsullarının idxalı ilə məşğul olan “Flash” şirkətini tenderin qalibi elan etməklə onun fermerləri subsidiyalar əsasında bu növ yanacaq və sürtkü yağları ilə digər iştirakçılardan daha yüksək qiymətə təchiz etməsinə şərait yaradıb.

İstintaqın versiyasına görə, bununla dövlət büdcəsinə külli-miqdarda maddi ziyan vurub.