Yeni tədris ilinin başlaması ilə paytaxt Bakıda kirayə mənzillərə olan tələb kəskin şəkildə artıb. Universitetlərə və məktəblərə qayıdan tələbələr, eləcə də, iş üçün paytaxta üz tutan insanlar kirayə mənzil axtarışını sürətləndirib.
Baku.ws xəbər verir ki, bu vəziyyət kirayə mənzil bazarında qiymətlərə birbaşa təsir edib. Xüsusilə şəhərin mərkəzi və təhsil müəssisələrinə yaxın olan ərazilərdə kirayə mənzillərin qiymətində ciddi artım müşahidə olunur.
Hazırda Bakıda 1, 2, 3 və 4 otaqları evlərə görə qiymətlər dəyişir. Ötən illə müqayisədə qiymətlərdə 50-150 AZN arasında fərq müşahidə olunur.
Məsələyə münasibət bildirən əmlak eksperti Ramil Qasımzadə “Sherg.az”a bildirib ki, yeni tədris ili ilə əlaqədər Bakıda kirayə mənzillərə tələbat artıb:
“Demək olar ki, hazırda kirayə mənzil tapmaq mümkün deyil. Yeni gələn tələbələr də bu vəziyyətə görə əvvəlcədən mənzilləri kirayələməyə başlamışdılar. Prosses ilə əlaqədar olaraq qiymətlərdə artım müşahidə edilir. Hazırda kirayə 1 otaqlı evlərin minimum qiyməti 350 manat civarındadır. Bu köhnə tikililərə aiddir. Yeni tikililərdə isə 1 otaqlı evlərin qiyməti 450-500 manatdan başlayır. İki otaqlılar təxminən 450, üç otaqlılar isə 650-700 manatdan başlayaraq təkıif olunur. Qiymətlərin ən baha olduğu kirayə evlər Nərimanov, Nəsimi və Yasamalda, orta qiymətə olanlar Xətai, Nizamidə, ucuz qiymətə təklif edilənlər isə Qaradağ, Sabunçu və Suraxanı rayonlarındadır. Ümumi həyətlərdə yeləşən fərdi yaşayış evlərində 1 otağın qiyməti minimum 250 manatdan başlayır. Qiymətlərin yüksək olduğu üçün ən azı üç tələbə birləşərək mənzil tuturlar”.