Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə də Bilik Günü qeyd edilib, yeni tədris ilinin ilk zəngi çalınıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məktəb kollektivi yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər.
Sağlam həyat tərzini hər şeydən üstün tutan kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın mesajını verməklə yanaşı “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə də özünəməxsus töhfələrini veriblər.
Qeyd edək ki, bu ənənə Dəmirçi kəndində də davam etdirilib və hər iki kənddəki məktəbin həyətində velosiped dayanacaqları quraşdırılıb.
Müəllim və şagirdlərin volosipedlə məktəbə gəlməsini alqışalayiq addım olduğunu vurğulayan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev "Sherg.az"a deyib ki, regionlarda da aktiv velosiped istifadəçilərinin mövcudluğu yaxşı haldır:
''Fikrimcə, Bakıda "velo zolaq" şəbəkəsində görülən işlər bütün bölgələrə şamil olunmalıdır. Əslində bu şəbəkə kiçik şəhərlərdə daha tez mümkün olacaq. Çünki burada əhalinin sayı az, şəbəkə isə Bakıya nisbətən balacadır. Tədris ilinin başlanması ilə əlaqədar tıxacların yaranmasına gəldikdə isə hələ yeniliklər tam yekunlaşmayıb. Bu halda da səhvləri müəyyən etmək çətindir. Qeyd edim ki, Bakı üçün "velo zolaq"lar 9 ayda görülən işlərin birinin həllidir. İndiyə qədər də velosiped zolaqlarının təşkil olunmasına cəhdlər edilsə də, buna əyləncə kimi baxılıb".
Ekspert qeyd edib ki, 9 aya ölkədə çox böyük işlər görülüb:
"Bu bir mikromodellikdir. Nəzərə alaq ki, 2 beynəlxalq tədbirə ev sahibliyi edirik. Doğrudur, Formula 1 yarışları bitti, lakin COP29 hələ qabağdadır. Şəhərin mərkəzi küçələrinin təmiri isə hələ bitməyib. Ona görə də avtobus zolaqlarının tam fəaliyyətini hiss edə bilməyəcəyik. Çünki yalnız təmir yekunlaşdıqdan sonra, avtobuslar ayrılmış zolaqlarla hərəkət edə biləcəklər. Fikrimcə, oktyabrın sonu, noyabrın əvvəlində görülən tədbirləri qiymətləndirə biləcəyik. Qeyd edim ki, bundan öncəki layihələrin tamamlanmasını müşahidə edirik. Məsələn "Molokan" bağı kimi tanınan Xaqani parkı açıldı. Çox ehtimal, növbəti ayın axırı, "28 May" Nəqliyyat Mübadilə Mərkəzinin açılması ilə axınların bölünməsinin şahidi olacağıq".