Almaniyanın paytaxtı Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlar keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə "DPA" agentliyi hökumət mənbələrinə istinadla məlumat verib.
Bildirilir ki, Almaniya kansleri Fridrix Merts qısa salamlama çıxışından sonra danışıqların keçirildiyi məkandan ayrılıb. Bununla da görüş faktiki olaraq ikitərəfli formatda davam edir.
ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni, iş adamı Cared Kuşner daxildir. Ukrayna tərəfini isə Prezident Volodimir Zelenski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Baş Qərargah rəisi Andrey Qnatov təmsil edir. Danışıqlarda kanslerin xarici siyasət üzrə müşaviri Günter Zautter moderator qismində iştirak edir.
Məlumata görə, danışıqlar gecə saatlarınadək davam edə bilər. Görüş fonunda Berlində təhlükəsizlik tədbirləri gücləndirilib, şəhər mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.