SOS! “...Qadın qurtuluşu ərini öldürməkdə görür” - “Rıçaklar” bərkidilsin!

Bakıda arvad boyunbağı ilə ərini boğaraq öldürüb. Hadisə bu ilin may ayının 9-da baş verib. Rəşid Axundov arvadı İsmayılova İnnesa Vladimirovna ilə yaşadıqları mənzildə mübahisə edib.
İ. İsmayılova mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə əli ilə zor tətbiq edib, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Bununla kifayətlənməyən qadın əməlini davam etdirib və R. Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartmaqla onu boğaraq öldürüb.

Baş verənlər sosial şəbəkədə müəyyən müzakirələrə səbəb olub. Bəziləri qadını müdafiə edir, “hər zaman qadınlar öldürülməyəcək ki” kimi fikirlər səsləndirir. Bir çoxları isə qadın və kişi fərq etməz, insanların zorakılığa, ölümə məruz qalmasını pisləyir.

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai “Sherg.az”a bildirib ki, məişət zorakılığı spesifik olaraq genderlə bağlı olan bir davranışdır:

“Zorakılığı törədən kəslərin böyük hissəsini məhz kişilər təşkil etsə də, bəzi hallarda qadınlar da şiddət törədə bilir. Bu, əksər hallarda ya özünü, ya da uşaqlarını şiddətdən müdafiə etmək üçün istifadə edilmiş şiddətdir.

Cəmiyyətimizdə daha çox qadına qarşı zorakılıqla qarşılaşsaq da, bir kişinin öldürülməsinə haqq qazandırıla bilməz. Cinayət hadisəsi, qətl bütün hallarda pislənməlidir. Axı biz qadınların öldürülməsinə yox, bütövlükdə insan cinayətinə qarşıyıq. Cəmiyyətin uyğunsuz reaksiyası təhlükəli tendensiyalara yol aça bilər, bu mənada fikir bildirərkən, müzakirə apararkən çox ehtiyatlı olmaq lazımdır. Səbəb nə olur, olsun, ərini öldürən qadını təqdir etmək, digər qadınların qisasını almış kimi təqdim etmək, qəhrəmana çevirmək cinayətə müsbət çalar qatır. Məsələn, əri tərəfindən zorakılığa məruz qalan, psixoloji durumu yaxşı olmayan bir qadını da bu əmələ təşviq edir. Belə olmaz”.

 S.Fədai qeyd edib ki, əsas diqqəti cinayətin motivinə – qadını bu hərəkətə təhrik edən səbəbə, daha əvvəl təhdid altında olub-olmamasına, qətli törədən zaman hansı psixoloji vəziyyətdə olduğuna yönəltmək lazımdır:

“Qadının ərinə zərbələr endirdikdən sonra belə onu boyunbağısı ilə boğmağı ondan xəbər verir ki, o, güclü emosional stress yaşayıb, həmin vaxt, bəlkə də, affekt vəziyyətində olub. Bütövlükdə baş verən cinayətlərin səbəbini araşdırıb, bu yöndə iş aparmaq lazımdır. Biz isə daha çox hadisə baş verən zaman reaksiya veririk, ictimai qınaq sərgiləyirik, ancaq sonrakı proses və nəticə bizi maraqlandırmır. Ona görə də dəyişən heç nə yoxdur.

Əslində, qadın cinayətlərində də bu məqam həmişə bizi düşündürməlidir. Arvadını öldürən kişini də bu vəziyyətə gətirən hadisələr, uşaqlıq travmaları, psixoloji böhran var. Bütün bunların heç biri qadının öldürülməsinə haqq qazandırmır. Lakin bu önəmli detallardan yan keçmək olmaz. Məişət zorakılığının, ailə münaqişələrinin, ailə-məişət zəminində baş verən qətllərin qarşısını almağa fokuslanmalıyıq. Bu problem dövlət və cəmiyyətin birgə problemidir və problemin həllinə diqqət yetirilmədikdə daha hansı fəsadların ortaya çıxacağı bizi ciddi şəkildə narahat etməlidir. Bu zəmində baş verən hər bir cinayət həyəcan siqnalıdır, zarafat mövzusu deyil. Bu kimi halların baş verməməsi üçün qanunun aliliyi, eləcə də qanunvericilikdə və onun işləmə mexanizmindəki boşluqlar göz önünə gətirilməlidir.

Azərbaycanda 2010-cu ildə qəbul edilmiş məişət zorakılığı haqqında qanuna nəzər saldıqda məişət zorakılığının qarşısının alınması üçün polis və yerli icra orqanlarının qarşısına müəyyən öhdəliklərin qoyulduğunu görə bilərik. Qanunda məişət zorakılığı ilə üzləşmiş şəxslərin hara müraciət etməsi, ilkin olaraq hüquqi və psixoloji yardımların göstərilməsi, qadının sığınacağa göndərilməsi və sosial yönümlü yardımların göstərilməsi öz əksini tapsa da, bunları yerinə yetirmək üçün nə təlimatlandırılmış polis, psixoloq, sosial işçilər, ictimai vəkillər kimi mövcud insan resursları, nə də sığınacaqlar və müvəqqəti yaşayışla təmin edilmək üçün nəzərdə tutulan proqramlar mövcuddur. Qanunda proses öz əksini tapsa da, icra edilməsi vacib olan aktlar və bu qanundan irəli gələn öhdəliklər həyata keçirilmir və bu işdə aidiyyəti orqanların səfərbərliyi müşahidə edilmir.

Belə olan halda zorakılığa məruz qalan bir qadın çıxış yolunu, qurtuluşu ərini öldürməkdə görə bilir.

Qətllə yanaşı, bu çarəsizliyin özü böyük bir faciədir. Buna görə də, gəlin bu kimi hadisələri məsxərə obyektinə çevirmək, qadının qələbəsi elan etmək əvəzinə, onu bu vəziyyətə gətirin çıxaran səbəbləri araşdıraq və problemləri mərhələ-mərhələ aradan qaldırmağa çalışaq. Xüsusilə də, vəzifəmizdən asılı olmayaraq, hər birimiz üzərimizə düşən işi layiqincə görək. Çünki işimizdəki istənilən boşluq cəmiyyətdə hər hansı problemi doğur və və zəncirvari olaraq daha böyük mənfi hadisələrə gətirib çıxarır”.