Azərbaycan XİN-dən təsirli bəyanat:“Diplomatik məcburetmə dili..."

Rəsmi Bakı 10 noyabr bəyanatının bəndləri ilə bağlı Ermənistana cavab verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi açıqlama verib. Açıqlamada bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edən açıqlaması Ermənistan Respublikasının üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhdidir.

“Ermənistan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində “tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 10 noyabr 2020-ci il Moskva vaxtı ilə 00:00-dan etibarən dayandırılması” elan edilir, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası “tutduqları mövqelərində dayanırlar” qeyd olunur.

Vurğulamaq istərdik ki, “dayanmaq” sözü bu və ya digər kontekstdə “qalmaq” mənasını vermir. Bu həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir”.

Bildirilib ki, bundan əlavə, üçtərəfli bəyanatın 3-cü bəndində Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi “Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu” olaraq müəyyən edilib:

“Üçtərəfli bəyanatın 4-cü bəndində isə xüsusilə qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir”.



Azərbaycan XİN-in bəyanatını “Sherg.az”a şərh edən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev bildirib ki, Ermənistan həmişəki kimi öz ampulasındadır:

“Yenə də Azərbaycana qarşı təxribatlarla məşğuldurlar. Təbii ki, Azərbaycan XİN-in verdiyi açıqlama vaxtında və uğurludur. Son zamanlar Azərbaycan XİN-in fəaliyyəti kifayət qədər fəaldır. Bütün məsələlərə aktiv və vaxtında reaksiya verirlər. Ermənistanda müxtəlif fikirliliyin olması heç də demokratiyadan doğan bir şey deyil. Birincisi , Ermənistan hökumətində Paşinyan və tərəfdarları Qərbin sözçüləridir. ABŞ və Fransanın dilindən danışırlar.

Eyni zamanda erməni xislətinə uyğun olaraq Müdafiə naziri Arutunyan və digərləri Rusiya və İranın dilindən çıxış edir.

Çünki Azərbaycan XİN İrana NOTA verdikdən sonra qeyri-qanuni İran maşınının  Qarabağa gəlməsi və ölkəmizin bunu qəbul etməməsi gündəmə gəlib. Ona görə də ermənilər fəallaşıblar. Artıq Müdafiə Nazirliyimiz də qeyd etdi ki, rus sülhməramlıları Azərbaycanda müvəqqətidir və onlar öz missiyalarını yerinə yetirmirlər. Təkcə Azərbaycan XİN yox, cənab Prezident də dəfələrlə bildirib ki, Ermənistan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatına əməl etməlidir”.

C.Nuriyev qeyd edib ki, Azərbaycan XİN-in sonuncu bəyanatı olduqca təqdirəlayiqdir:

“XİN artıq diplomatik məcburetmə dilində danışır. Bu formaya keçmənin özü də siyasətin daha kəskin formasıdır. XİN də bu formadan çox uğurla istifadə edir.