“Məmurlar vəzifələrini lazımi səviyyədə icra etmirlər”


Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edilir. Bununla əlaqədar paytaxt Bakı şəhərində vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.
Əhali arasında virus əleyhinə vaksinasiya tədbirlərinin səviyyəsinin monitorinqi və vəziyyətin yerində öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə yaşayış məhəllələrində, komplekslərində, həyətlərdə reydlərə başlanılıb.

Reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir. İlkin nəticələr onu göstərib ki, bəzi insanlar arxayınlaşaraq vaksinasiya məsələlərinə laqeyd yanaşır və heç də hər yerdə maarifləndirmə işləri lazımı səviyyədə deyil. Bununla əlaqədar işlərin zəif olduğu rayonlara kömək məqsədi ilə məsul əməkdaşlar təyin edilib.
 Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra paytaxt rayonları başçılarına iradlar bildirilib, onlara vətəndaşlarla maarifləndirmə və fərdi söhbətlərin aparılması işlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyninin “Sherg.az”a açıqlamasına görə, bütün dünyanı imtahana çəkən pandemiyaya qarşı mübarizəmizi davam etdirməliyik:

“Son günlər ölkəmizdə yoluxma sayında artımlar var. Ona görə də BŞİH bütövlükdə Bakının 12 rayon icra hakimiyyətinə müvafiq tədbirlər üçün göstərişlər verirlər.

Əlbəttə ki, bu istiqamətdə maarifləndirici tədbirlər aparılmalıdır. Bütün televiziya kanalları və sosial şəbəkələr bu məsələni işıqlandırır. Maarifçilik tədbirlərinin genişləndirilməsi ilə paralel olaraq vətəndaşların da şəxsi məsuliyyəti artmalıdır.

“Pandemiya bizə heç nə edə bilməz” düşüncəsindən azad olmalıyıq.

Sərt tədbirlərin azaldılması o demək deyil ki, həyatımıza son qoya biləcək virusun yayılması çoxalsın. Ona görə də vətəndaşlar boşluqdan istifadəyə son qoymalı, bütün məsuliyyət, gündəlik qorunma tədbirləri davam etməlidir.

Təbii ki, müxtəlif rayon icra hakimiyyətində çalışan məmurların da hər biri bu tədbirlərin vicdanla yerinə yetirilməsini təmin etməlidir. Bəzən görürük ki, verilən tapşırıqlar və qarşıya qoyulan məqsədlərə etinasız yanaşırlar, məmurlar vəzifələrini lazımi səviyyədə icra etmirlər. Beləliklə, müəyyən boşluqlar yaranır və cəmiyyətimizdə pandemiya geniş yayılır.

Vətəndaş cəmiyyəti və QHT-lər bütün icra hakimiyyətləri ilə sıx əməkdaşlıq etməli, vətəndaşların koronavirusla daha kəskin mübarizə aparmasını stimullaşdırmalıyıq”.