Rusiya və Ermənistana mesaj: “Anti-terror əməliyyatları istisna deyil” 

“Erməni mənbələr Qarabağda aktivliyin başlandığı haqda yazırlar”.
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
 O, taixi və hüquqi torpaqlarımızda durum barədə daha ətraflı “Sherg.az”a danışdı: 

“Erməni mənbələri Azərbaycanın hücuma keçdiyini iddia edirlər. Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatları, sülhməramlıları xəbərdarlıq, Rusiya Müdafiə Nazirliyinin açıqlamaları onu deməyə əsas verir ki, doğrudan da, Qarabağda hərəkətlilik var. Bizim əsas tələbimiz 10 noyabr razılığının dördüncü maddəsinə müvafiq olaraq ermənilərin Qarabağdan çıxarılmasıdır. Lakin bu, hələ ki, baş tutmayıb. Moskva vasitəçi kimi öhdəliyini yerinə yetirmir”.

A.Nərimanlının fikrincə, anti-terror əməliyyatlarının keçirilməsi istisna deyil: 

“Dediyim kimi, tələblərimiz ortadadır. Düşmən Qarabağda yeni postlar qurur. Biz isə buna imkan verməyəcəyik. Müdafiə Nazirliyinin qurulan yeni postların adını çəkməsi Rusiyaya və Ermənistana mesajdır. Yəni biz baş verənlərə göz yummayacağıq. Məcburetmə əməliyyatlarının keçirilməsi ilə həm tələblərimizi özümüz yerinə yetirərək erməni silahlılarını torpaqlarımızdan “təmizləyəcəyik”, həm də erməni cəmiyyətinə ismarış verəcəyik. Sonuncu anti-terror əməliyyatından sonra daxildə etiraz yaranmışdı. Beləliklə, əsgərlərin Qarabağa göndərilməsi dayandırılmışdı. Seçkilərdən sonra həmin prosesə yenə start verilib. Deməli, rəsmi Bakı anti-terror əməliyyatları ilə növbəti dəfə Ermənistan daxilində sosial sifariş yaratmalıdır. Əks halda sülhməramlıların mandatlarına uyğun olmayan fəaliyyətləri genişlənəcək və terrorçular daha da “əl-qol açacaqlar”. Anti-terror əməliyyattları yalnız tələblərimiz yerinə yetirildiyi təqdirdə keçirilməyə bilər”.