Uşaqlara qarşı şiddət qəbuledilməzdir

Binəqədi rayonunun Xocahəsən qəsəbəsində uşaqların şiddətə uğraması baş verib. Günel Vəliyevanın (adlar şərtidir) 2015-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızının ögey qardaşı və arvadı tərəfindən fiziki və psixi zorakılıq hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

İdris Vəliyev (ad şərtidir) 8 avqust 2021-ci il tarixdə ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə edərək bıçağı qızdıraraq onun sağrı nahiyəsinə bir neçə dəfə basıb. İdris Vəliyevin arvadı Arzu Vəliyeva (ad şərtidir) isə Günel Vəliyevanın 2007-ci il təvəllüdlü qızının saçını və qaşını kəsmiş, həmçinin ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Mövzu barədə “Sherg.az”a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin fikrincə, məsələnin bir müsbət tərəfi odur ki, artıq belə hadisələr yaşandıqda valideynlər və ya cəmiyyət olaraq hər hansı bir uşağa şiddət olduqda bunlara reaksiya verilir:

“Əlbəttə, ananın hadisə ilə əlaqədar müvafiq qurumlara müraciət etmək haqqı və hüququ var. Uşağa qarşı şiddət hansı formada olursa-olsun, şiddət sayılır. Bu gün uşaqların qorunması üçün yetərincə qanunlarımız var. Həmin qanunlara da istinadən edirik.

Binəqədi İcra Hakimiyyəti ilə əlaqə saxladım və bildirdim ki, belə bir məsələ var. Yəqin ki, onlar da işi nəzarətə götürəcəklər. Artıq iş başlayıbsa, çox güman ki, nəticəsi də olacaq. Uşaqların durumu ilə əlaqədar vəziyyət qiymətləndirildikdən sonra ehtiyac olarsa, onların reablitasiyadan keçməsi üçün gün ərzində gedib-gəlmələrinə şərait yaradıla bilər və biz həmin uşaqlar iş apara bilərik. Çox güman ki, baş verən hadisə ailə münaqişəsi zəmnində olub və hər zaman belə münaqişələrdə zərər çəkənlər məhz uşaqlardır. Bəlkə qadın işləyir deyə evdə olmayıb və ona görə də uşaqlar ortalıqda qalıblar. Nadinclik edirsə, bıçağı qızdırıb uşağın bədəninə basmaq lazımdır?. Düşünürəm ki, hüquq mühafizə orqanları baş verənləri mütləq nəzarətə götürüb həmin şəxslərə layiqli cəza verməlidir”.