Azərbaycan cəmiyyətinə arxadan zərbə!: ““Patı” Zəngilanda, Xankəndidə istehsal olunur”

“Narkotiklə  mübarizəni təkcə Bakı və ətraf ərazilərdə deyil, rayonlarda da intensiv aparmaq lazımdır. Bir neçə gündə 4-5 rayonda olmuşam. Vəziyyət ürəkaçan deyil. Narkotik gənclərimizi məhv edir”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi deyib.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni zərərli vərdişin ölkədə kütləviləşməsi barədə “Sherg.az”a danışdı:

“Müharibədən sonra çox gərgin vəziyyət yaranıb. Statistikaya görə ölkədə 40 minədək narkotik maddə istifadəçisi var. Onların hər birinin iki ailə üzvünün bundan əziyyət çəkdiyini nəzərə alsaq, deməli, on milyonluq respublikada təxminən bir milyon əhali narkotikin qurbanına çevrilir. Regionlarda da durum acınacaqlıdır. Çünki düşmən məğlubiyyətlə barışa bilmədi. Bəzi məlumatlara görə, “Patı” Zəngilanda, Xankəndidə istehsal olunur. Beləliklə, ordumuzla bacarmayan ermənilər namərdcəsinə bizə arxadan zərbə vururlar”.

R. Zeyni, həmçinin mübarizə yollarından söz açdı:

“Müvafiq qurumlar, o cümlədən hüquq-mühafizə orqanları işlərinin öhdəsindən layiqincə gəlirlər. Amma nəzarət bir az da gücləndirilməlidir. Vətəndaş cəmiyyəti bu işdə xüsusi fəallıq göstərməli, insanlarımız, o cümlədən gənclərimiz maarifləndirilməlidirlər”.