Sosioloqdan Hacı Surxaya cavab: “Bu, Allahın işinə qarışmaqdır”

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxayın Məhərrəm ayında toy keçirilməsi barədə dedikləri dünəndən müzakirə olunmaqdadır. O, bildirib ki, Məhərrəm ayında toy etmək icazəli deyil. Bu, şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir. Bir xalqı xalq edən onun milli və mənəvi dəyərləridir. Məhərrəm ayı Azərbaycan xalqının əsrlər boyu ruhundan süzülüb gəlib. XIV əsrdən bəri Azərbaycanın qan yaddaşına yazılıb. İmam Hüseyn İslam aləmində insanlığın kamil nümunəsidir.

Hacı Surxayın sözlərinə görə, Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etmək də o qədər icazəli deyil:

“Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkişafı üçün onları evləndirib, xeyir-dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu, bizim inancımızdır, heç vaxt unutmamalıyıq. Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır.

Sosioloq- alim Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında Hacının fikirlərinə münasibət bildirdi:

“Mən də razıyam ki, bu, müəyyən mənada günahdır. İkinci bir tərəfdən, Azərbaycanda insanların əksəriyyəti inanclıdır. Müqəddəs ayda şənlik keçirəndə onlar özlərini narahat hiss edir, ətrafa neqativ enerji ötürürlər. Amma nəinki, din xadimi, heç bir bəndə sözügedən faizi müəyyənləşdirə bilməz. Bu, Allahın işinə qarışmaqdır. Deyilən faktları ancaq ilahi qüvvə bilir”.