Psixoloq: ““Ölsəydim səndən canım qurtarardı” kimi ifadələrlə...”- İntihara təşviq?!

Baş Prokurorluğun Mətbuat xidmətinin verdiyi məlumata görə son yarımildə ölkədə 322 nəfər intihar edib. Bu, kifayət qədər ciddi rəqəmdir. Görünür, intihar çoxları üçün sadələşib. Onlar nəyisə düşünmədən canlarından keçməyə hazırdılar. Bəs niyə belədir?

Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”ın bu sualını cavabladı:

“Karantinin fəsadlarının ağır olacağını, daxili və xarici aqressiyanın meydana çıxacağını aylar əvvəl demişdim. Proqnozlaşdırdığım kimi də oldu. Çünki pandemiya psixoloji həssaslıqları üzə çıxarı. İntiharın bu qədər kütləviləşməsinin müxtəlif səbəbləri var. Əsas məsələ bundan ibarətdir ki, valideynlər uşaqlara hələ kişik yaşlarından “Ölsəydim səndən canım qurtarardı” kimi ifadələrlə sanki intiharı təlqin edirlər. Beləliklə, ölüm bütün problemlərdən çıxış yolu kimi qiymətləndirilir. Sanki intihar bir növ təbliğ olunur. Sui-sidə cəhd edənlər sonradan özlərinə bəraət qazandırmağa çalışır, həmin ankı psixoloji durumlarının fərqli olduğunu deyirlər. İntihar psixoloji həssas insanların seçimidir”.