Boşanmaların azalmasına dair real TƏKLİF: “...Sosial iş xidmətləri yaradılsın”

“Onların müntəzəm olaraq ailələrin problemləri ilə maraqlanmalıdırlar”

“Həmçinin nikah bağlayan idarələrdə üç aylıq xüsusi kurslar təşkil edilməlidir”

“Yuxarı sinif şagirdləri və birinci kurs tələbələri üçün ailə haqqında təsəvvürlər formalaşdırılmalıdır"



“Statistikalara həmişə şübhə ilə yanaşıram, amma... Dünən oxudum ki, hər üç evlənəndən biri boşanır. Ta niyə zırıltı toy edib adamları yoluxdurursuz o zaman?”.
 Bu sözləri “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay deyib.


 Sosioloq- alim Əhməd Qəşəmoğlu “Sherg.az” a açıqlamasında jurnalistin fikirlərinə münasibət bildirdi: 

“İndi cəmiyyət tamamilə dəyişib. Ailə dəyərləri haqqında yeni təsəvvür formalaşıb. Əvvəllər ailə haqqında aydın təsəvvürlər var idi. Tərəflər ailədəki borclarını dəqiq bilirdilər. Üstəgəl, ictimai qınaq onları daha da yaxınlaşdırırdı. Həm də cəmiyyət sadə idi. Gəlinlə bəyin maraqları üst-üstə düşürdü. Bu gün isə cəmiyyət çox mürəkkəbləşib, qızla oğlanın maraqları nadir hallarda uzlaşır. Ümumiyyətlə, mənəvi dəyərlər sıxışdırılanda həmişə belə problemlər meydana çıxır. Nəzərə almaq lazımdır ki, bizim mədəniyyətimiz ailə dəyərləri üzərində formalaşıb. Bunun dağılması isə faciədir. Deməli, ciddi tədbirlər görülməlidir”.

 Ə.Qəşəmoğlu, həmçinin çıxış yollarını göstərdi:

“Hər məhəllədə sosial iş xidmətləri olmalıdır. Onların müntəzəm olaraq ailələrin problemləri ilə maraqlanmalıdırlar. Həmçinin nikah bağlayan idarələrdə üç aylıq xüsusi kurslar təşkil edilməlidir. Yuxarı sinif şagirdləri və birinci kurs tələbələri üçün ailə haqqında təsəvvürlər formalaşdırılmalıdır. Bunlara əməl edilsə, problem də həllini tapar”.