Yeni  kurs:“Şagirdlər minadan qorunmağın yollarını öyrənəcəklər”

Azərbaycanda 20-dən çox rayonun bütün ümumi təhsil müəssisələrində şagirdlərə “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq. Bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiqi haqqında təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrdə qeyd edilib.
Əmrə əsasən, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumi təhsil müəssisələrinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumi təhsil müəssisələrinin VI (altıncı) siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 (bir) saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq.

 Sözügedən kursların keçirilməsi barədə “Sherg.az”a danışan təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu bildirib ki, cəbhə bölgəsində yaşayan şagirdlərin maariflənməsi nəzərdə tutulursa, belə kursların keçirilməsi yaxşı haldır:

 “Çünki həmin ərazidə yaşayan əhali bilməlidir ki, minadan necə qorunmaq olar. Bir də var ki, respublika üzrə hər kəs maarfiləndirilsin. Məncə ümumi respublika üzrə belə kurslara ehtiyac yoxdur. Çünki bunun üçün hərbi hazırlıq dərsləri var. Belə dərslər yuxarı siniflərdə tədris olunur və şagirdlər minalardan qorunmaq qaydalarını öyrənirlər. Konkret olaraq bu kursların mənfi təsiri olduğunu deyə bilmərəm. Ancaq mənfi olduğu kimi müsbət təsiri də var. Müharibədən çıxmış xalq olaraq istər uşaqlar, istərsə də böyüklər hazırlıqlı olmalıdır. Sözügedən kursun mənfi tərəfi isə odur ki, artıq təhsildə bəşəri dəyərlərin öyrənilməsi arxa plana keçmiş olur. Bütün hallarda təhsil nazirinin əmri təqdirəlayiqdir”.