Sosioloq:“Nəsillərin dəyişilməsi ilə dəyərlərin mahiyyəti yenilənir” 

“Zaman dəyişdikcə insanların psixologiyası, yaşam tərzi, milli dəyər anlayışı da müəyyən qədər dəyişə bilər və belə də olur. Həzrəti Əli boşuna deməyib, uşaqlar valideynlərindən çox zəmanələrinə oxşayır. Çox şikayət edilir dövrün gənclərindən, amma mən nümunə gənclərin sayının az olmadığını düşünürəm, əksinə çoxdurlar”.- Bu sözləri jurnalist, sosioloq Lalə Mehralı deyib.

 O, mövzu barədə fikirlərini daha ətraflı “Sherg.az”la bölüşdü:

“Nəsillərin dəyişilməsi ilə dəyərlərin mahiyyəti də dəyişir. Bir vaxtlar insanların milli dəyər dediyi adətlərin indi çoxu yoxdur, bəzisi unudulub, bəzisi gərəksiz hesab edilir.  Amma ümumilikdə vəziyyət qorxulu deyil, xüsusilə kənd yerlərində cavan nəsil çox ədəblidir. Atam həyətdə rəhmətə getmişdi, cənazəni evə aparmaqları, qibləyə çevirməkləri, məni evdən həyətə çıxarmaqları yarım saat çəkmədi, çıxanda gördüm həyətdə artıq yas mağarı qurulub, çadır çəkilib, yer sulanıb-süpürülüb, stol-stul düzülüb, samovar qaynayıb. Təsəvvür edirsiz? 30 dəqiqəyə qonşu-qohumdakı gənclər bütün hazırlıqları tamamlamışdı. Ev sahibinin xəbəri olmur  yas necə yola verildi, hamısını gənclər edir. Hər şeyin yolunu da o qədər gözəl bilirlər ki...Karnavallarda lüt soyunub küçələrə çıxmaq, eynicinslərin evlənməsini leqallaşdırmaq, it-pişiklə ailə qurmaq dəyər ola bilməz, dəyər mənəviyyatdır, əxlaqdır, hörmətdir”.