Murdar heyvan ətlərinə qarşı mübarizə effekt vermir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə reyd aparıb. Reyd zamanı İmişli rayonu ərazisində yaşayan vətəndaş İbrahimov Bəxtiyar Hacıəhməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib.

AQTA-dan verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kiloqram iribuynuzlu heyvana məxsus ət aşkarlanıb. 

Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunan ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması öz təsdiqini tapıb.

Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.

Hər zaman ölkəmizdə istifadəyə yararsız ətlərin satışını həyata keçirən şəbəkənin olduğunu deyən Azərbaycan Azad İstehlakçılar Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Şərq”ə bildirib ki, AİİB 20 ildən çoxdur murdar heyvan ətləri, o cümlədən at və eşşək ətlərinin satışı ilə mübarizə aparır: “Biz belə işlərlə məşğul olan şəxlsərin şəbəkəsini məhv etmək üçün dəfələrlə təşəbbüslər göstərmişik. Lakin bu sahədəki problemlərə son qoyulmur. AQTA yaranandan sonra düşündük ki, belə halların qarşısı alınar, ancaq mümkün olmadı. Bu sahədə ən uğurlu işi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
aparır. Həmin qurum istifadəyə yarasız ətlərin satışını edən insanları həbs edir və işi məhkəməyə göndərir. Lakin məhkəmələr prosesin gedişatında mənfi rol oynayır. Çünki tutulan şəxslərə bəraət qazandırırlar və onların azadlığa çıxmasına imkan yaradırlar. Beləliklə həmin şəxslər yenidən bu işlə məşğul olur”. 

E.Hüseynov qeyd edib ki, bütün cəmiyyətin bu işlə məşğul olan şəxslərə ictimai qınağı olmalıdır:

“Sovet vaxtı belə işlərlə məşğul olan insan var idisə, hər zaman həmin şəxsi ifşa edərdilər. Azad bazar iqtisadiyyatı elə bir şərait yaradıb ki, insanlar varlandıqca acgöz olur və hər şeydən pul çıxarmağa çalışırlar. Bu isə cəmiyyətimiz üçün çox təhlükəlidir. AİİB olaraq yenə də mübarizəmizi davam etdirəcəyik”.

Yeganə Bayramova