Qazi kimə deyilir? – Rey Kərimoğlu izah edir  

Son dövrlərdə müharibədə iştirak edənlərə "Qazi" deyilib-deyilməməsi fikir ayrılıqları yaradıb. Bəzi insanlar düşünür ki, müharibədə iştirak edən şəxslərə  “qazi” demək olar. Əhalinin bir qismi də müharibədə iştirak edib yaralanan şəxsə belə deyilməsini daha düzgün hesab edir. Hətta bununla bağlı sosial şəbəkələrdə yayılan video mediada işıqlandırılıb.

"Hansı döyüşdə iştirak etmisən?" sualının qarşısında cavabsız qalan şəxs Zəfər Günü atəşfəşanlığına qazi adı ilə qatılıb. Ona irad tutan adam deyir  ki, "Sən Vətən müharibəsi iştirakçısısan, qazi deyilsən". Kadrlardan "qaziyəm" deyən şəxsi tənqid edənlərin elə onun silahdaşı olduqları məlum olur.

Maraqlısı odur ki, qazi sözü üzərində məna oyunu aparılır. Söz ən böyük silahdır. Bu anlaşılmazığın aradan qalxması üçün “qazi” anlayışına aydınlıq gətirilməsi zərurəti yaranıb. 

Məsələ barədə “Sherg.az”a Qarabağ qazisi, tanınmış jurnalist  Rey Kərimoğlu bildirib ki, Azərbaycan cəmiyyətinə qazi sözünü 2001-ci ildə  “Qarabağ Qaziləri" İctimai Birliyi gətirib:

" Rəhmətlik baş qazi Etimad Əsədov yalnız müharibədə yaralanmış insanları "qazi" adlandırıb. Müharibədə iştirak edən şəxslər isə “veteran” sayılır. Müxtəlif variantlar irəli sürülür. Məsələn, Türkiyədə yaralı və yaralanmamış qazilər deyirlər. Lakin Azərbaycanda qazi anlayışı müharibədə yaralanmış şəxslərə aid edilməlidir".

Sosial şəbəkələrdə yayılan videoya münasibət bildirən R.Kərimoğlu qazilər, şəhid ailələrinin aralarında gedən müzakirənin ictimailəşdirilməsinin tərəfdarı olmadığını vurğulayıb:

"Onların müzakirə etdiyi məsələyə vaxtilə müharibədən qaçıb gizlənən adamlar  “dil uzadır”, ittiham edir. Bu, yanlış addımdır. Qazilər arasında münasibətlərin kəskinləməsini əks etdirən görüntülərin yayılması yolverilməzdir. Nə sözümüz varsa, toplaşıb həll etmək olar. İşıqlandırmağa ehtiyac yoxdur”.