Orxideya və ya...


Bəlkə o qız bir də çıxdı rastıma...

 Fevral ayı olmasına baxmayaraq, payız havası var idi. Şəhərdə insanlar az görünmür. Görünür, sakinlər bu havanın dadını çıxarmaq istəyirdilər. Ancaq tələsənlər də var idi. Onlardan biri də 42 yaşlı jurnalist idi. Gənc yaşlarından mətbuata gələn bu adam indi ölkənin ən sanballı media orqanlarından birinin rəhbəri idi. Yadımdadır ki, tələbəlik illərində gələcəkdə qəzetlərin sıradan çıxacağı ilə bağlı müxtəlif iddialar səslənirdi. Amma zaman optimist olanların haqlı olduğunu göstərdi. Qəzetlər bu gün də çap olunmaqda, oxunmaqdadır. 

  Baş redaktor olmasına baxmayaraq hər gün işdə olurdu. Hətta digər işçilərlə eyni vaxtda gedir, gəlirdi. Bəzən yazılar da yazırdı. Çünki o da uzun müddət müxbir kimi çalışmışdı. Yaxşı bilirdi ki, kollektivdə mehriban mühiti təmin etməyin ən mühüm şərti rəhbərin özünün nümunə olmasıdır. 

 İndi də bir kitab təqdimatına gedirdi. Yeniyetməlik illərindən kitabları çox sevirdi. Xatırlayır ki, hər maaşı ilə, qonorarı ilə özünə bir kitab alırdı. Bəzən də o vaxtın tanınmış müəlliflərinin, jurnalistlərinin yeni çap olunan kitablarından istəyirdi. 

 Dəqiq ünvanı bilmirdi. Ona görə də tərəddüd etdiyi nöqtədə dayandı. Ətrafdakı gül mağazalarından birinə girib gedəcəyi yerin adını çəkdi, necə getmək lazım olduğunu soruşdu. Yaşı 60-a yaxın olan kişi ona nəzakətlə yolu başa saldı. Elə bu zaman jurnalistin gözü sağ tərəfində, az qala, əlinin altındakı güllərə sataşdı. Orxideya idi. Su damcıları aydın hiss olunurdu. Çox gözəl görünürdülər. Gülümsədi. Özünü tanıyandan təbiətə, belə gözəlliklərə həmişə düşkün olduğunu xatırladı. 

 Satıcıya təşəkkür edib, çölə çıxdı. Amma bir neçə addım atmışdı ki, dayandı. Yadına nə isə düşübmüş kimi mağazaya qayıtdı. Kişi bayaqkı tək televizora baxırdı. İki orxideya gülü aldı. Pulu ödəyəndə satıcı dedi ki, daha üç manat da ödəməlisən. Demə, bu güllər onun düşündüyündən də baha imiş. Cibindən bir beşlik çıxarıb satıcıya uzatdı. Pulun qalığının qaytarılmasını gözləmədən qapını açıb, yenidən küçəyə çıxdı. Elə bil, orxideyanın ətrini burnuna çəkmək üçün tələsirdi. Doğrudan da, belə etdi. Gülün iyi onu məst edirdi. Amma təkcə zövq vermir, həm də uzaqlara aparırdı. Çox uzaqlara...

... Jurnalistikada imzasının yenicə tanındığı vaxtlarda bir qızla münasibəti var idi. Xarakter etibarı ilə ilk vaxtlar onun səmimiyyətinə müqavimət göstərməyə çalışsa da, sonradan bunu bacarmamışdı. Ola bilsin, özü istəməmişdi.  Beləliklə, hər ötən gün bir-birilərinə daha çox öyrəşmişdilər. Aralarında çox gözəl istilik yaranmışdı. Qız onun qayğısına qalırdı.  Çünki  ovaxtkı gənc jurnalistin özünün dediyi kimi, onlar həm dost, həm sirdaş, həm sevgili, həm də həmkar idilər. Hə, həm də qonşu...

 Həmin illər baş redaktora nağıl kimi gəlirdi. Təkcə tanıdığı və yəqin ki, ömrünün sonunadək unuda bilməyəcəyi qıza görə yox, həm də həmin dövrün ictimai-siyasi proseslərinə görə. Otuz ildir Azərbaycan xalqının nisgilinə çevrilən İkinci Qarabağ müharibəsi - Vətən savaşı, nəhayət, başlamışdı. Hər gün cəbhədən xəbərlər gəlirdi. Hərbi əməliyyatlarla paralel olaraq siyasi hadisələr də davam edirdi. Rusiya bütün imkanları ilə proseslərin əsas iştirakçısı olmaq istəyirdi. O vaxt siyasətdən yazırdı. Digər həmkarları tək o da yorulurdu. 

 Bir tərəfdən isə bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası insanlara rahatlıq vermirdi. Adamlar nəinki görüşməkdən, hətta bir- birilərinə yaxın durmaqdan da qorxurdular. Hər gün ölüm- itim xəbərləri yazmaq, ictimailəşdirmək gənc jurnalisti daxilən yorurdu.

 İndi isə nə müharibə var, nə də koronavirus. İnsanlar Gəncəyə, Qubaya, Şəkiyə getdikləri kimi, Ağdama, Şuşaya, Xankəndiyə də...səfər edə bilirlər. Özü də rahatlıqla. Çünki torpaqlar artıq minalardan da təmizlənib.
 Pandemiya isə neçə-neçə əzizlərini onlardan alan xəstəlik kimi bəzən yaşlı nəslin xatirələrində canlanır. 
 Bax, qız həmin çətin vaxtda girmişdi onun həyatına. Sonra isə müharibə və pandemiya kimi birdəfəlik getmişdi. Daha heç vaxt qarşılaşmamışdılar. 

 Bütün bunlar bir film lenti kimi gözünün önündən keçirdi. Sanki orxideyanın ətrini hər dəfə burnuna çəkəndə şirinli-acılı xatirələrinə daha çox yaxınlaşırdı. Telefonu çıxarıb saata baxdı. Tədbirin başlanmasına az qalmışdı. Amma getməyəcəkdi. Özü də hiss edirdi ki, indi o ab-havada deyil. Sanki süstləşmişdi. 

 Taksi çağırıb keçmiş "İnturist" mehmanxanasının arxasına getdi. Artıq on ildən çox idi ki, burada park salmışdılar. Əvvəlki tənhalıqdan, kimsəsizlikdən əsər-əlamət qalmamışdı. Daha sevgililər bura gəlib saatlarla otura, bir-birilərini doyunca öpə, qucaqlaya bilməzdilər. Bəlkə də özünə etiraf etməkdən çəkinirdi, amma niyə ayaqlarının onu bura gətirdiyini yaxşı bilirdi. 

 Yenə düşünməyə başladı. Sanki beynini eşələyirmişcəsinə xatirələri yadına salmağa çalışırdı. O qızdan sonra çox şey olmuşdu. Dünyada və ölkədə çox şey dəyişmişdi. Ancaq əvvəllər bunu xüsusilə tez-tez arzulasa da daha qarşılaşmamışdılar. Heç yuxusuna da girməmişdi. Bircə dəfə də.  Qız özünün söylədiyi kimi, sanki aya getmişdi. Aydan gəlmiş, aya getmişdi. Hərçənd deyirdi ki, nə vaxtsa gedəndə səni də özümlə aparacam. Görünür, ay bir nəfərlik imiş. Ya da, ola bilsin, hərənin öz ayı var. Ya da... Bu fikir ağlına gələn kimi dilucu öz-özünə "Yox, bircə bu olmasın" dedi. Və fikrini yayındırmaq üçün orxideyanın ətrini növbəti dəfə burnuna çəkdi. 

 O qədər güllər arasında niyə məhz orxideyanı seçdiyini yaxşı bilirdi. Çünki vaxtı ilə ala bilməmişdi. Həyat bir orxideyanı çox görmüşdü ona. Ona görə də hər dəfə gül mağazalarında bu gülü görəndə birdən-birə qəfil duruxurdu. Gülü sevincək alır, tələsirdi. Bir neçə metr sonra isə anlayırdı ki, daha gecikib. Daha heç nə əvvəlki kimi olmayacaq. Hər dəfə orxideya görəndə tutulsa da, bu, ona səkkizinci möcüzəsini - həmin qızı qaytarmayacaq...