Sahil Babayev: “Pensiya ilə yanaşı, müavinətlər də artacaq”


“Prezident İlham Əliyevin tapşırığı ilə sosial islahatların yeni mərhələsi kimi növbəti sosial islahat paketi hazırlanıb. Bu paket çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiyada artım olacaq. Pensiya ilə yanaşı, müavinətlər də artacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin açılışı tədbiri zamanı KİV-ə açıqlamasında bildirib.

O qeyd edib ki, 2018-2021-ci ildə minimum pensiya artımı 82 %, orta pensiya artımı 60 % olub:

“Müavinətlərdə də artımlar orta hesabla 2 dəfəyə yaxın olub. Ümumən, yeni ildən növbəti sosial islahat paketi çərçivəsində pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardımlar artacaq”.

Bu artımların 2 milyondan çox insanı əhatə edəcəyini deyən S.Babayev bildirib ki, əlavə olaraq 1 milyon 100 mindən çox şəxsin pensiyası da gələn ildən indeksasiya nəticəsində artacaq.

O qeyd edib ki, pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır:

“Son illərdə həmin istiqamətdə mühüm addımlar atılıb. Pensiya sistemində yeni humanist yanaşmaların tətbiqi davam edəcək”.