Rüsumlar, cərimələr iki dəfə artırılıb

"Mən rəqəmləri havadan səsləndirmirəm"

Sabir Rüstəmxanlı komitə sədri Tahir Mirkişiliyə iradlarını bildirdi


Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Baş nazir Əli Əsədovun da iştirak etdiyi iclasda 2022-ci ilin dövlət büdcəsi müzakirə edilərək üçüncü oxunuşda qəbul olunub. Xatırladaq ki, qanun layihəsinə əsasən, gələn ilin dövlət büdcəsinin gəlirləri 26 milyon 816 min manat, xərcləri isə 29 milyon 879 min manat məbləğindədir. 

“Komitə sədri hansı əsasla deyir ki, rüsum və cərimələrdə 3 dəfəlik artım yoxdur?”

Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, o, ötən iclasda dövlət rüsumlarının, cərimələrin artırılmasının əsaslandırılmasını xahiş edib: “Mən deyəndə ki, rüsumlar iki dəfə artırılır, komitə sədri Tahir Mirkişili buna etiraz etdi, dedi ki, 2-3 dəfəlik artım olmayıb. Hər deputat çıxışı zamanı məsuliyyətini dərk edir. Mən rəqəmləri havadan səsləndirmirəm. Layihədə dəyişikliklər, 50, 70, 100 faiz aralığında rüsumların artdığı göz önündədir. Əgər 10 rəqəmi 20 ilə əvəzlənirsə, komitə sədri hansı əsasla deyir ki, iki dəfə artım yoxdur?!”. 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Sabir Rüstəmxanlının iradlarını cavabsız qoymayıb. T.Kərimli bildirib ki, Sabir Rüstəmxanlı keçən dəfə 2-3 dəfə artımın olduğunu demişdi: “Ona cavab olaraq layihədə 3 dəfəlik artımın olmamasını, artımın ortalama 30-40 faiz arasında olduğu deyilib. İndi dedikləri isə fərqli rəqəmlərdir. Sabir Rüstəmxanlının başqa fikri olarsa, görüşüb, izahat verərəm”.

“Əli Nağıyevin təyinatından sonra DTX dövlət maraqlarına xidmət edən quruma çevrilib”

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, Əli Nağıyev rəis təyin olunandan sonra Dövlət Təhlükəsizliyi Xidməti dövlət maraqlarına xidmət edən quruma çevrilib: “Vətən müharibəsində də biz bunu gördük. Əvvəllər bu qurum sahibkarları incidən və digər mənfi əməllərlə yadda qalıb. Amma hazırda qurumun fəaliyyəti təqdir olunmalıdır”. Deputat qeyd edib ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı çalışan insanların maaşlarını artırmaq, mənzil-məişət məsələlərinin həlli üçün büdcədən daha çox vəsait ayırmaq lazımdırsa, büdcədən ayrılsın: “5 faiz məsələləri ilə onları gündəmə gətirməyi məqsədəuyğun saymıram”. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deyib ki, 5 faiz məhz büdcədən ayrılır: “Həmin qurumların əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə o qurumların xəzinə hesabına köçürülür”. Qeyd edək ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə yeni maddə əlavə olunması təklif olunur. Həmin maddəyə görə, dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə büdcəyə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə sərf olunsun. 

“Onlar günün 24 saatı çalışırlar...”

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə xüsusi xidmət orqanlarına büdcədən daha çox vəsait ayrılmasını təklif edib: “Prokurorluq orqanları ilə təhlükəsizlik orqanlarının fəaliyyətini eyniləşdirmək düzgün deyil. Digər qurumlara bu məqsədlə ayrılan məbləğ 5 faiz deyil, daha yüksək, 25-50 faiz həcmindədir”. S.Novruzov deyib ki, xüsusi xidmət orqanlarına ayrılan vəsait daha da artırılmalıdır: “Çünki onlar günün 24 saatı çalışırlar, xüsusi qurğular alır, dövlətin təhlükəsizliyinin qorunması istiqamətində böyük işlər görürlər”. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə nəzərə çatdırıb ki, indiyə qədər 11 dövlət qurumuna belə güzəşt verilib, bu, ilk dəfə deyil: “Dövlət başçısı da Vətən müharibəsində xüsusi xidmət orqanlarının fəaliyyətini yüksək qiymətləndirmişdi. Prezident İlham Əliyev demişdi ki, xüsusi xidmət orqanları o gözlədiyindən də yaxşı işləyib. Mən 5 faiz məsələsində problem görmürəm, hətta Siyavuş Novruzovun dediyi kimi, bunu daha da artırmaq yaxşı olardı”.

“Bir adam gündə 3 səhifə yazar, daha 70-80 yox”

Milli Məclisdə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, institut direktoru əməkdaşın, elmi rəhbər digərinin kitabını, məqaləsini öz adına çap edir. Bəzən kitablara baxanda məlum olur ki, bir adam bir gündə 70-80 səhifə yazıb. Bu da mümkün deyil. Adam bir gündə 3 səhifə, lap təbi gəlsə, uzağı 10 səhifə yazar, daha 70-80 səhifə yox. Yəni gündə 70-80 səhifə yazılıbsa, bu, plagiatdır. Ona görə də müəlliflik hüququ ilə bağlı məsələlərə diqqət ayrılmalıdır”. Komitə sədri nəzərə çatdırıb ki, bu gün kitab çapı ilə bağlı çoxsaylı müraciətlər olur: “Bizə də müraciətlər olur. Ancaq hazırda kitab çapının müxtəlif formaları var. Elektron qaydada internetdə yerləşdirilər və pulunu ödəməklə insanlar o kitabla tanış ola bilərlər”.