Makron əsas rəqibini seçkilərdən uzaqlaşdırır

Fransa məhkəməsi "Milli Birlik” fraksiyasının lideri Marin Le Peni Avropa Parlamentinin maliyyə vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirli bilsə, onu 2027-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək hüququndan məhrum edə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.

Məlumata görə, fraksiya rəhbəri, onun atası Jan-Mari Le Pen və digər 23 partiya nümayəndəsi AB qaydalarına zidd olaraq 2004-2016-cı illər arasında yalnız partiya üçün işləyən köməkçilərə ödəniş etməkdə şübhəli bilinir.

Bildirilib ki, bu işçilərin bəziləri işəgötürənlərlə heç vaxt görüşməyib. Bu işçilər arasında Le Penin cangüdəni Tyerri Legie, siyasətçi Ketrin Qrisetin kabinetinin rəhbəri və partiyanın qrafik dizayneri olub:

“Günahları sübuta yetirilərsə, partiya üzvlərini 10 ilə qədər həbs və 1 milyon avro cərimə, həmçinin 10 il müddətinə seçilmək hüququndan məhrum etmə cəzası gözləyir”.

İstintaqın Le Pen üçün ciddi siyasi sınaq olacağı qeyd edilir.

Xatırladaq ki, iyul ayında Paris prokurorları Le Penə qarşı 2022-ci il seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarının pozulması şübhəsi ilə istintaqa başlayıb.