Quru yolla dönüşə icazə verilməlidir

Soydaşlarımız yaxınlarının nəşini Azərbaycanda dəfn etmək istəyir

"Məsələ Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi səviyyəsində həll edilməlidir"

Rusiyada yaşayan bir həmyerlimiz millət vəkili Aydın Mirzəzadəyə müraciət edib. Bu barədə deputat sosial şəbəkədə özü məlumat verib. Parlament üzvü bildirib ki, ona müraciət edən həmyerlimiz son dönəmlər əksər soydaşımızın üzləşdiyi mühüm bir məsələni gündəmə gətirib və problemin həll olunmasını xahiş edib: “Həmyerlimiz xahiş etdi ki, yaxın xarici ölkələrdə yaşayan bir qrup soydaşımız üçün quru sərhədləri açılsın. Dedi ki, hamının vəziyyəti eyni deyil və yasları düşəndə cənazəni təyyarə ilə gətirmək imkanları olmur. 

Quru sərhədlər bağlı olduğundan rəhmətə getmiş yaxınlarını müvəqqəti yaşadıqları yerdə dəfn etmək məcburiyyətində qalırlar”. A.Mirzəzadə məsələ ilə bağlı Diaspora Komitəsi ilə danışdığını, qurumun buna diqqət edəcəyini bildirib. Həmçinin Baş nazirə yazılı müraciət etmək fikrində olduğunu deyib. Xatırladaq ki, koronavirus pandemiyasına görə, Azərbaycan ötən ilin martından bir sıra qonşu ölkələrlə quru sərhədlərini bağlayıb. 

Rusiyada müvəqqəti yaşayan həmyerlimizin qaldırdığı və deputatın ictimailəşdirdiyi problemlə bağlı “Şərq”ə danışan siyasi şərhçi Azər Həsrət deyib ki, Azərbaycandan kənarda milyonlarla soydaşımız uzun müddətdir yaşayır. Analitik bildirib ki, əksər həmyerlimiz üz tutduğu ölkəyə birdəfəlik getdiyi üçün dünyasını dəyişən yaxınlarını elə həmin ölkədə dəfn edirlər: 

“Əlbəttə, bu, onların seçimidir və sayğılı yanaşırıq. Amma elə soydaşımız var ki, özünün, eləcə də öz yaxınının nəşinin hansısa xarici ölkədə deyil, Azərbaycanda, yurdunda dəfn olunmasını istəyir. Qonşu ölkələrə müvəqqəti üz tutmuş vətəndaşlarımız da az deyil. Onlar dünyasını dəyişmiş yaxınlarının nəşini Azərbaycana gətirmək üçün müxtəlif yollar axtarırlar. 

Bu mənada deputat Aydın Mirzəzadənin təşəbbüsü alqışlanmalıdır. Düşünürəm ki, sadəcə, Diaspora Komitəsi deyil, bütövlükdə hökumət konkret qərar verməlidir. Məsələ Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi səviyyəsində həll edilməlidir.

 Xarici ölkələrdəki səfirliklərimizə tapşırılmalıdır ki, dünyasını dəyişmiş vətəndaşlarımızın yaxınları müraciət etdikləri təqdirdə onların nəşinin Azərbaycana dövlət hesabına gətirilməsini təmin etsinlər. Həqiqətən də, cənazələrin təyyarə ilə gətirilməsi çox baha başa gəlir. 

Əgər kimsə cənazəsini öz hesabına quru yolla gətirmək istəyirsə, onlara xüsusi icazələrin verilməsi mümkündür. Hər halda vətəndaşların razı qalmasına çalışmaq lazımdır”.