Qazi İntiqam Güloğlanlı: Hər an yenidən doğma Vətənimizi müdafiə etməyə hazıram

İkinci Qarabağ müharibəsində Zəngilan uğrunda gedən döyüşlərdə yaralanmışam. Türkiyədə müayinə və müalicəm uğurla davam edir. Sağlamlığımın bərpası istiqamətində göstərilən diqqət və qayğıdan çox razıyam. Azərbaycan xalqı olaraq biz heç zaman müharibə istəməmişik. Eyni zamanda, dövlətimizi, Vətənimizi, torpağımızı və xalqımızı müdafiə etməyi özümüzə şərəf bilmişik. Müzəffər Ali Baş Komandanın İlham Əliyevin rəhbərliyi ilə hər an yenidən Vətənimizin müdafiəsinə hazıram.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Vətən müharibəsi qazisi, Dövlət Sərhəd Xidmətinin giziri İntiqam Güloğlanlı bildirib.

Gülhanə Hərbi Hospitalında müayinə olunub Qazilər Reabilitasiya Mərkəzində müalicə prosesi keçən qazi İntiqam Güloğlanlı səhhətində böyük irəliləyişin olduğunu söyləyib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə döyüş yoldaşlarını, soydaşlarımızı təbrik edən qazi şəhidlərimizin ruhu qarşısında baş əydiyini, onların valideyn və doğmalarına səbr və dözüm arzuladığını ifadə edərək deyib: “Biz Vətən uğrunda, sərhədlərimizin bütövlüyü uğrunda, xalqımızın firavanlığı yolunda döyüşmüşük. Şəhidlərimzin ruhu şad olsun. Qazilərimizə Allahdan şəfa arzu edirəm. Müzəffər Ali Baş Komandanın İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı hər yerdə və hər zaman qəlbimizdə və başımızın üzərindədir!”.