İsmayıllının üzüm bağlarında payız-qış becərilməsi aparılır

Üzümçülük İsmayıllı rayonunda kənd təsərrüfatının əsas sahələrindəndir və hazırda bağlarda mühüm aqrotexniki tədbir olan payız-qız becərilməsi aparılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Paşa Məmmədov bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumatda bildirib ki, İsmayıllıda 1089 hektar üzüm bağı vardır və bunun 1006 hektarı bar verəndir. Bu günlər üzümçülük təsərrüfatlarına məxsus bağlarda quru budama işləri görülür, cərgəaraları bitki qabıqlarından təmizlənir. Artıq 380 hektar sahədə quru budama işləri aparılıb. Bəzi sahibkarlar kəsilən çubuqları xüsusi aqreqatla doğrayaraq torpağa qarışdırırlar. Bu da torpağın üzvi çürüntülərlə zənginləşməsinə səbəb olur. Hazırda təsərrüfatlarda plantasiyaların payız-qış beçərilməsinə 250 nəfərlik işçi qüvvəsi cəlb olunub.

Bütün üzümçülük təsərrüfatlarında, o cümlədən “MONOLİT FT” MMC-yə məxsus 305 hektar, “Kənd” MMC-nin 360 hektar, “Aspiland” MMC-nin 115 hektar üzüm plantasiyalarında, habelə fiziki şəxslərə məxsus bağlarda beçərmə işləri, xüsusilə quru budama mütəxəssislərinin nəzarəti altında aparıblar.