Onlar utanırlar, dövlət orqanlarına müraciət etmirlər


Məişət zorakılığına məruz qalan kişilərin statistikasını aparmaq mümkün deyil

   Məişət zorakılığına məruzqalma faktı ilə bağlı ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edənlər arasında qadınlar üstünlük təşkil etsə də, kişilər də eyni problemi yaşayır. Ötən il Komitəyə müraciətlər edənlər arasında  42 kişi olub. Bu barədə Komitədən bildirilib. 

Ümumilikdə ötən il məişət zorakılığı ilə bağlı rəsmi ərizə əsasında Komitəyə 340 müraciət daxil olub. Kişilərə qarşı zorakılıq isə ümumi zorakılıq hallarının 5 faizindən də aşağıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin əməkdaşı, məişət zorakılığının qarşısının alınması üzrə sektorun məsul işçisi Tural Hüseynzadə "Sputnik Azərbaycan"a açıqlamasında qeyd edib ki, kişilərə qarşı törədilən zorakılıq hallarında psixoloji faktorlar üstünlük təşkil edir. Lakin bu, ümumi müraciətlərin 5 faizini keçmir. Uzun illərdir, bu faiz olduğu kimi qalır. Aparılan araşdırmalar daha çox qadınlar və  uşaqların zorakılığa məruz qaldığını təsdiq edir. Göründüyü kimi zorakılığa məruz qalan kişilər də var və onların sayının azlığı problemin olmamasına dəlalət etmir. Kişilərin müraciəti isə əsasən məişət zorakılığı və psixoloji zorakılıqla bağlıdır.  

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında zorakılığa məruz qalan kişilərin nadir hallarda dövlət orqanlarına müraciət etdiyini dedi: 

- Zorakılığa məruz qalan kişilərin buna görə dəqiq statistikasını aparmaq mümkün deyil. Çünki qadınlardan fərqli olaraq kişilər zorakılığa məruz qaldıqlarını bildirmir. Zorakılıq faktlarını gizlədən qadınlar varsa, kişilər də var, deməli. Kimisi utandığından, milli mentalitet baxımından gizlədir belə faktları. İl ərzində bir-iki kriminal xarakterli hadisəni nəzərə almasaq, kişilər adətən psixoloji zorakılığa məruz qalır. Ayrıldıqları həyat yoldaşları, övladlarının anası, qadının ailə üzvləri, münasibətdə olduqları qadınlar tərəfindən.  Yaxud ailə münaqişəsi zəminində öz həyat yoldaşı, ya da qayınana tərəfindən. Burada iqtisadi amillər də rol oynayır. Həyat yoldaşının maddi tələbləri bəzən kişilər tərəfindən psixoloji təzyiq kimi qəbul edilir. Amma belə müraciətlər də müntəzəm olmur. Müraciət edilirsə, əlbəttə araşdırılmalı və sübutlar ortaya qoyulmalıdır.  Ümumiyyətlə, ailədə zorakılıq faktı varsa, bu, birtərəfli olmur. Qadına qarşı zorakılıqda kişi iştirak edirsə, bu həm də kişiyə qarşı psixoloji zorakılıq faktı yaradır.  Bu səbəbdən də ailə-məişət problemlərinin hər iki tərəfin iştirakı ilə həllinin tərəfdarıyıq.