Bütün yollar meriya və DİN-in nəzarətinə verildi

Nəqliyyat sahəsi həddindən artıq gərgin sahədir, əl-ələ verib işləmək lazımdır

BNA-nın icra hakimiyyətinin tabeliyinə verilməsi bundan sonra işlər yaxşı gedəcək demək deyil. Əgər orada idarəetmə düzgün qurulsa və işi bilən mütəxəssislərlə çalışıb, iş prinsiplərini elmi cəhətdən əsaslandırsalar yaxşı olacaq

Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi həvalə olunan Azərbaycan Respublikasının Prezidenti Agentliyin yenidən təşkil və ləğv edilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsini həyata keçirəcək.

Eyni zamanda NK Prezidentlə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması; işçilərinin say həddinin təsdiqi; "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsini gerçəkləşdirəcək.

Bakı Şəhər İcra Hakimiyyəti bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli ilə məşğul olacaq.

Agentliyin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti isə bu fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilir.

Nazirlər Kabineti Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Həmçinin bu Fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

NK-ya Fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etmək, eləcə də Fərmandan irəli gələn digər məsələlərin həlli həvalə olunub.

Fərmanda öz əksini tapan yeniliklərlə bağlı “Şərq” açıqlama verən nəqliyyat üzrə ekspert Fərhad Eyyubov bildirib ki, bundan sonra hər iki qurum birlikdə mövcud problemlərin həlli üçün çalışmalıdır. 

“BNA-nın neçə illərdir fəaliyyəti göz qabağındadır. Xeyli iş görüblər. Nəqliyyat sahəsində əvvələ nisbətən indi çox fərq var. Nazirlər Kabinetinin “Mobillik haqqında” qərarında da çoxlu məsələlər ortaya qoyulub. Həmin məsələləri yerinə yetirmək üçün isə maddi və kadr resursları, eyni zamanda BŞİH ilə koordinasiyalı şəkildə hərəkət etmək lazımdır. 
Nəqliyyat sahəsində vaxtaşırı islahatlar hər zaman aparılıb. Ümumiyyətlə, nəqliyyat təsərrüfatı həddindən artıq gərgin sahədir. Onu tənzimləmək üçün müəyyən islahatlar indi də aparılmalı idi. Buna görə də BNA-nın indiyə qədərki fəaliyyəti qiymətləndirilərək bu qərar verilib. Bakı Şəhər İcra Hakimiyyəti də bu məsələlərə ciddi yanaşmalıdır. Çünki nəqliyyat sahəsində dərin işlər aparılmalıdır.

 Bu qurum bir agentlik kimi onların nəzarətində öz fəaliyyətini davam etdirəcək. Agentliyin strukturunda müəyyən dəyişikliklər olunsa da, iş prinsipləri olduğu kimi qalacaq. İcra hakimiyyətinin tabeliyinə verilməsi bundan sonra işlər yaxşı gedəcək demək deyil. Əgər orada idarəetmə düzgün qurulsa və işi bilən mütəxəssislərlə çalışıb, iş prinsiplərini elmi cəhətdən əsaslandırsalar yaxşı olacaq. Əks halda bir müddət sonra yenidən islahatlar aparılacaq. 
Bundan sonra nəqliyyat sisteminin formalaşdırılması üçün müəyyən işlər görülməlidir. İnsanlardan pul yığmaq, cərimələmək üçün deyil. Bunlar da işin bir hissəsidir, ancaq əsas işin təşkilidir. İndi hər iki qurum əl-ələ verib, bu məsələlərin həlli üçün müəyyən işlər görməli və yeniliklər etməlidir”.

Məsələyə münasibətini bildirən digər ekspert Elməddin Muradlının sözlərinə görə isə əsas hədəf Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsidir. 

“Burada əsas yenilik BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin DİN-in tabeliyinə verilməsidir. Bundan sonra 3 ay müddətində hansı işlər görüləcək, onlar ölkə prezidentinə təqdim olunmalıdır. Əgər İntellektual İdarəetmə Mərkəzi DİN-ə verilirsə, cərimələri də yol polisi yazacaq. Qanunvericilikdə də bu barədə dəyişiklik edilir. Kamera vasitəsilə cərimələnmə bundan sonra qanuni olacaq.  Əslində yol polisinin tabeliyində say etibarilə daha çox kamera var. Lakin hamısı bir mərkəzə inteqrasiya edilsə, işin təşkili daha səmərəli olacaq. Bundan sonrakı addımlar da fərmana əsasən atılacaq. Agentlik yenidənmi formalaşacaq? Bunu indidən demək çətindir. Zamanla görəcəyik”. 

Sənan İsmayıl