Saray sakinləri dözülməz vəziyyətdə yaşayırlar

400-dən çox qəsəbə sakini dövlət başçısından və Birinci vitse-prezidentdən kömək istəyirlər

   İllərdir çirkab sularının əhatəsində əlacsız qalan paytaxtın Abşeron rayonu, Saray qəsəbəsinin sakinləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib. Müraciəti qəsəbənin 400-dən çox sakini imzalayıb. Sakinlər ərazidə kanalizasiya xəttinin olmamasından şikayətlənir. Əlaqədar qurumlara dəfələrlə müraciət etsələr də problem həll edilməyib. Sakinlər müraciətlərində bildirir ki, ümidləri yalnız cənab Prezidentə və ölkənin birinci xanımı Mehriban Əliyevayadır. 

Sakinlər müraciətin mətnini “Şərq” qəzeti redaksiyasına göndərərək problemin ictimailəşdirilməsini xahiş ediblər. Müraciətdə qeyd edilir:    

Hörmətli cənab Prezident. Əziz Mehriban xanım! 

Cənab Prezident, Siz qayğıkeş dövlət başçısı olduğunuzu daim sübut edirsiniz.  Vətəndaşların problemlərinə diqqətlə yanaşır, onların həlli üçün lazımi tapşırıqlar, göstərişlər verirsiniz. Sizin Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına xüsusi diqqət göstərdiyiniz də göz önündədir. Paytaxt ətrafındakı neçə-neçə qəsəbə, yaşayış massivi məhz Sizin və əziz Mehriban xanımın qayğısıyla abadlaşıb, yenidənqurma işləri aparılıb, kommunal problemlər həllini tapıb, nəticədə sakinlərin rahat yaşayışı təmin edilib. Biz Saray qəsəbəsinin M.V.Vidadi, M.C.Paşayev, Sarı Aşıq, H.Əliyev küçələrinin sakinləri, həmçinin qəsəbədəki H.Axundov adına 3 saylı orta məktəb binası ətrafında yaşayanların ümidi ancaq Sizədir. Adıçəkilən ərazilərdə kanalizasiya xətti yoxdur. Çirkab suları küçələrdə göllənir, yağış yağanda həm yağış suları, həm də çirkab suları evlərə dolur. Uşaqlar məktəbə gedə bilmir. Sakinlər də evlərinə gedə bilmədiklərindən sular çəkilənədək yaxın qohumlarının evində gecələmək məcburiyyətində qalırlar.  Bir müddət əvvəl sakinlər problemi öz daxili imkanları hesabına həll etməyə çalışıb. Ərazidə quyu qazılaraq kanalizasiya suları nasoslar vasitəsilə quyulara vurulmağa başlanıb.

 Bu isə böyük miqdarda elektrik enerjisi sərfinə gətirib çıxarıb, sakinlər böyük məbləğli sərfiyyat xərclərini ödəməkdə çətinlik çəkdiklərindən bu iş də yarımçıq qalıb. 

Sakinlər bir neçə dəfə problemin həlli üçün Abşeron Rayon İcra Hakimiyyətinə, yerli bələdiyyəyə, həmçinin “Azərsu”  ASC-yə müraciət edib. Lakin problem həllini tapmayıb. 

Cənab Prezident, hörmətli Mehriban xanım. Biz Saray qəsəbəsinin sakinləri Sizdən xahiş edirik ki, problemin həlli üçün müvafiq qurumlara tapşırıq verəsiniz. Yalnız Sizin göstərişinizlə problem həllini tapa bilər. İnanırıq ki, Saray qəsəbəsi də digər qəsəbələr kimi abadlaşacaq, küçələrimiz təmizlənəcək, uşaqlar məktəbə çirkab sularının içiylə getməyəcək. 

Qeyd edək ki, müraciəti Saray qəsəbəsinin 400-dən artıq sakini imzalayıb, şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini də əlavə ediblər.