Şair Baba Vəziroğlu xatirəsini tamaşaçılarla bölüşüb.
"Sherg.az" xəbər verir ki, "Onun sirri" verilişinin qonağı olan B.Vəziroğlu 16 yaşında cırıq ayyaqabı, süzülmüş köynək ilə kənddən çıxıb Bakıya gəldiyini açıqlayıb.
"Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum. Əvvəllər universitet belə adlanırdı. Tədris təzə başlamışdı, yazılarım "Azərbaycan gəncləri" qəzetində dərc olunurdu. İlk nəğmələrimi yeni il gecəsində "AzTv" kanalında ölməz sənətkarımız Şövkət Ələkbərova ifa etdi"-, şair bildirib.
B.Vəziroğlu universitetdən qovulduğunu vurğulayıb:
"Mənə elə gəlirdi oxuduğum "baqaj" kifayət qədərdir. Bir az da məsuliyyətsizlik, təkəbbür, lovğalıq. O vaxtlar informasiya qıtlığı olduğu üçün efirdə səslənən hər ad yaddaşlara həkk edilirdi. Bir gecənin içində məhşurlaşırdın. Sessiya ərəfəsi imkanlı dostum Moskvanı gəzməyi təklif etdi, getdim. Müəllimlərlə münasibətim super idi. Universitetə gələndə qovulmağım haqqında əmrin asıldığını gördüm, altında dekanımız Şirməmməd Hüseynovun imzası var idi. Dəhşət gəldim, amma yenə fikir vermədim. Çevrəm genişdi, tapşıracaqlar deyə düşündüm. İmtahanlar məni qorxutmurdu. Lakin Şirməmməd müəllimi yaxşı tanımırmışam. Respublikanın hörmətli şəxsləri xahiş etsə də, Şirməmməd müəllim dedi ki, "mümkün deyil, qovduğum tələbə universitetin küçəsindən belə keçə bilməz". Bu cür prinsipial kişiydi. Mənə həyatda ilk pozitif dərsi verən Şirməmməd müəllim olub. Həmin hadisə həyatımda dönüş yaratdı. Bəlkə də, elə məsuliyyətsizliklə başqa bir adam kimi formalaşardım".
B.Vəziroğlu prinsipə düşdüyünü söyləyib:
"Bir il müddətində oxumadığım kitab qalmadı. Müəllimlərdən məsləhət aldım. Oxudum, təzədən jurnalistika fakültəsinə daxil oldum. Şirməmməd müəllim sentyabrın 1-i universitetdə məni görəndə dəhşətə gəldi, amma sonra çox istədi, dostlaşdıq. Çünki özü kimi prinsipial biri idim".