Vüqar Səfərliyə qarşı daha bir məhkəmə iddiası qaldırılıb

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərliyə qarşı daha bir məhkəmə iddiası qaldırılıb.

“Report”un əldə etdiyi məlumata görə, vətəndaş Bayram Qaraşov mülki iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət edib.

O bildirib ki, Səbail rayonu ərazisində inşa edilən jurnalistlərin binasında 2018-2020-ci illərdə elektrik kimi çalışıb. Lakin B.Qaraşov çalışdığı, V.Səfərlinin rəhbərlik etdiyi Fonddan rəsmi qaydada əməkhaqqı almayıb.

V.Səfərlinin həbsindən sonra məlum olub ki, B.Qaraşova elektrik kimi işlədiyi Fondda rəsmi qaydada əməkhaqqı yazılıb.

V.Səfərlinin həbsindən sonra məlum olub ki, B.Qaraşova işlədiyi şirkətdən rəsmi qaydada əməkhaqqı verilib.

“2018-2020-ci illərdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərim 20 min manata yaxın olub. Bu gəlirdən vergi ödədiyimdən isə xəbərim olmayıb”, - iddiada göstərilib.

Mülki iddia hazırda hakim Şəhriyar Əliyevin icraatına verilib. Lakin işin vaxtı hələlik məlum deyil.

B.Qaraşov məhkəmədən xahiş edir ki, onun mülki iddiası təmin olunsun.

Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.