Ona görə də ABŞ və İsrailə mane olmayacaqlar
İran İsrailə hava məkanını açan istənilən dövləti düşmən hesab edəcək. Bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib. O bildirib ki, bu barədə başqa ölkələrin nümayəndələrinə qəti xəbərdarlıq edilib: "Amma ümid edirəm ki, heç kim belə bir icazə verməyəcək". İranın dini rəhbəri Əli Xamenei deyib ki, silahlı qüvvələrin İsrailə raket zərbələri onların bölgədə etdiklərinə ən az cəza idi: "İsrailə edilən hücumlar qanuni və legitim idi. Biz bu tapşırığı yerinə yetirərkən nə ləngiyirik, nə də tələsik addım atırıq". İranın ali rəhbəri əlavə edib ki, gələcəkdə lazım olarsa, İsrailə yenidən hücum ediləcək. İran rəsmiləri regiondakı ABŞ hərbi gəmilərinə zərbə vura biləcəklərini də istisna etməyiblər.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, ABŞ İsrail-İran müharibəsinin kənarında deyil. ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmiləri İranın İsrailə qarşı raketlərinin dəf olunmasında iştirak edib. Bu isə o deməkdir ki, ABŞ İrana qarşı müharibədə İsrailin yanındadır:
"İran rəsmiləri bölgədə yerləşən ABŞ hərbi gəmilərinə də zərbə vura biləcəklərinə eyham vurublar. Belə olan halda ABŞ bölgədəki hərbi bazalarından İrana zərbələr endirəcək. ABŞ-nin böglədəki hərbi bazaları Türkiyə, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və bəzi mülahizələrə görə, İordaniyada yerləşir. Aydındır ki, Ankara ABŞ-nin İncirlikdəki hərbi bazasından İrana qarşı istifadə edilməsinə icazə verməyəcək. Ancaq eyni sözləri ərəb ölkələrinə aid edə bilmərik. Ərəb ölkələri İranın zəifləməsində maraqlıdırlar. Ona görə də ABŞ və İsrailə mane olmayacaqlar. Belə olan halda nazir Abbas Əraqçinin söylədiyi kimi, İran qonşuluğundakı ərəb ölkələrinə də zərbə endirəcəkmi? Əgər bu baş verərsə, İran öz durumunu daha da ağırlaşdıracaq".