Fransa yenidən baş nazirə Cənubi Qafqazı qarışdırmaq təlimatı verə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada səfərdədir. O, Fransa Prezidenti Emmanuel Makronla Parisdə görüşüb. Tərəflər Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər. Paşinyan görüşdə Azərbaycanla sülh müqaviləsi layihəsinin müzakirəsinin nəticələrinə toxunub və bu sənədin bəndlərinin 80 faizinin razılaşdırıldığını bildirib.
Paşinyan onu da vurğulayıb ki, Ermənistan suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional kommunikasiyaları açmağa da hazırdır. Tərəflərə Aİ-nin Ermənistandakı missiyasını, Avropa Sülh Fondunun Ermənistana dəstəyi ilə bağlı məsələləri də müzakirə ediblər. Paşinyanın səfəri oktyabrın 5-dək davam edəcək. Baş nazir Beynəlxalq Frankofoniya Təşkilatının sammitində iştirak edəcək. Paşinyanla yanaşı, xarici işlər naziri Ararat Mirzoyan da Parisdədir. Erməni mediasında yer alan xəbərlərə görə, Paşinyan keşiş Baqrat Qalstanyanın elan etdiyi payız etirazları öncəsi Yelisey sarayından dəstək qazanmağa çalışacaq. Ümumiyyətlə, Fransa-Ermənistan əməkdaşlığı müsbət töhfələr vermədiyi üçün rəhbər şəxslərin də görüşü yaxşı nəticələr vermir. Adətən Makron Paşinyanı neqativ addımlara təhrik edir. Ermənistan Fransa və digər dövlətlərdən yeni silahlar alır, revanşist qüvvələrə dəstək nümayiş etdirir. Eyni zamanda ABŞ-dən hərbi təlimatçıların gəlməsinə rəvac verir. Birgə hərbi təlimlər artıq baş tutub, yeniləri də olacaq. Çox böyük ehtimalla Ermənistan baş naziri Fransa prezidentindən yeni əmr, göstəriş və tezislərlə dönəcək. Makron da bəyan edir ki, Paşinyana dəstəyi davam edəcək.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, Fransa Cənubi Qafqazı qarışdıran əsas dövlətlərdən biridir. Ekspert vurğulayıb ki, Fransanın Cənubi Qafqazla bağlı planlarının içərisində sülh sazişinin pozitiv inkişafı mövcud deyil:
"Bu dövlət əlindən gələn hər şeyi deyir ki, Cənubi Qafqazda situasiya gərginləşsin, hətta yenidən silahlı münaqişə baş versin. Əsas məqsəd də ondan ibarətdir ki, Cənubi Qafqazda Fransanın yerləşməsi mümkün olsun. Ancaq Fransanın indiki situasiyada Cənubi Qafqaza başqa vasitələrlə yerləşmək imkanı yoxdur. Ermənipərəst dövlət olduğuna görə rəsmi Bakı Fransanı Cənubi Qafqaza buraxmır. Bu səbəbdən də Fransa bütün diqqətini ona yönəldib ki, Ermənistan Fransanın siyasi müstəmləkəsinə çevrilsin, buna da böyük ölçüdə nail olublar. Paşinyan hər dəfə çətinə düşəndə dərhal Parisə qaçır. Makrondan məsləhətlər alır. Fransanın maraqlarına uyğun təlimatlarla geri dönür. Müşahidələr göstərir ki, Baş nazir Nikol Paşinyanın Parisə hər səfərindən sonra rəsmi İrəvan sülh prosesindən daha da uzaqlaşır və aqressivləşir, revanşist normativləri ön plana keçirir. Böyük ehtimalla bu dəfə də belə davranışlar ola bilər".
Analitik vurğulayıb ki, Fransa yenidən Paşinyana Cənubi Qafqazı qarışdırmaq təlimatı verə bilər:
"Belə anlaşılır ki, hazırda Ermənistan müəyyən mənada çətin vəziyyətə düşüb, ABŞ və Qərbin təlimatlarını icra edə bilmir. Paşinyan öz yaxın ətrafına Ermənistanın gələcək taleyi ilə bağlı önəmli qərarlar qəbul edəcəyini bildirmişdi. Bu qərarların da əsasən Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, eyni zamanda Avrasiya İqtisadi İttifaqından çıxması və Rusiya ilə hərbi əməkdaşlığın pozulması ilə bağlı təlimatlar idi. Rəsmi İrəvan öhdəlik götürmüşdü ki, həmin təlimatları yerinə yetirəcək. Ancaq Paşinyan söz verdiyi kimi sentyabr ayında bunu reallaşdıra bilmədi. İndi bəzi məlumatlara görə, ABŞ və Qərb Ermənistana üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün təzyiq göstərməyə başlayıb. Ola bilər ki, Paşinyan Rusiya əleyhinə öhdəliklərin yerinə yetirilməsindəki problemlərə görə üzləşdiyi təzyiqlərdən yayınmaq üçün Makronla məsləhətləşməyə ehtiyac duyub. Güman etmək olar ki, indi Ermənistanın Fransanın dəstəyinə daha çox ehtiyacı var. Fransa da təbii ki, belə situasiyadan maksimum səviyyədə istifadə etməyə çalışacaq. Yəqin ki, bu, Ermənistanı Fransadan daha çox asılı vəziyyətə salacaq. Son nəticədə Ermənistanın Fransa üçün siyasi müstəmləkəyə çevrilmə prosesi sona doğru yönəlmiş olacaq".