Ombudsmana müraciət edərkən bunları bilməlisiniz

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmişdir. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.

Necə müraciət etməli?

İnsanlar öz şikayətlərini Müvəkkilə müxtəlif vasitələrlə verə bilərlər. Belə ki, hər bir şəxs poçt və elektron poçtu, rəsmi internet saytındakı onlayn müraciət (https://www.e-gov.az/az/services/read/3541 ), aparatda və regional mərkəzlərdə fəaliyyət göstərən qəbul otağı, işgəncələrlə bağlı qaynar xətt, 916 nömrəli uşaq qaynar xətti vasitəsilə, habelə müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, hərbi hissələrə, sosial yönümlü müəssisələrə, o cümlədən uşaq, ahıl və əlillər evlərinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə başçəkmələri, habelə məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə baxışları zamanı şəxsən təqdim etmək imkanına malikdirlər.
Müraciətlər hüquq və azadlıqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində Ombudsmana yazılı və ya şifahi şəkildə verilir. Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.

Yazılı müraciətdə aşağıdakılar göstərilməlidir: 

İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı və imzası olmadıqda müraciət anonim hesab edilir.
 Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilir.
 Şikayət şifahi verildikdə, Müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.
Ərizəçinin xahişi ilə Müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.
Şikayətlə bağlı məhkəmə icraatı getdikdə və təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda şikayətə baxılmasından imtina edilir və bu barədə ərizəçiyə 10 iş günü müddətində yazılı şəkildə əsaslandırılmış cavab verilir. 

Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən  “Aktiv  Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.