İnsanların əməyi istismar olunur, onlara nəinki bayram günləri, heç şənbə və bazar günləri də istirahət verilmir
"Ekspertin sözlərinə görə, bizdə kölgə iqtisadiyyatının faiz göstəricisi yüksək olduğuna görə, qeyri-iş günündə ölkə iqtisadiyyatının nə qədər itirdiyini hesablamaq çox çətindir"
Azərbaycanda qeyri-iş günlərinin sayının digər ölkələrlə müqayisədə təxminən iki dəfəyədək çox olması ölkə iqtisadiyyatına mənfi təsir edir. Çünki azad iqtisadiyyatda bayram günlərinin sayının çox olması dolayı yolla istehlakçının cibinə ziyan vurur, malların qiyməti qalxır. Ekspertlərin hesablamalarına görə, bayram günlərində evdə oturduğumuz üçün bir məhsula əvvəlki ilə müqayisədə daha artıq pul xərcləmiş oluruq.
Qeyd edək ki, Azərbaycanda qeyri-iş günlərinin sayı 20, seçki ilində isə 21 gün müəyyənləşməsi daim fəaliyyətdə olması vacib sektorlarda xərclərin artmasına gətirib çıxarmır, eyni zamanda nəticə olaraq, satış qiymətlərində təsirini göstərir.
UNESCO-nun araşdırmalarına əsasən dünyada ortalama qeyri-iş günlərinin illik 12 gün civarında olduğunu vurğulayan İnsan resursları üzrə mütəxəssis Saleh Həsənov çox az ölkələrdə bayram günlərinin sayının Azərbaycandakı qədər olduğunu deyib.
Mütəxəssis iqtisadi təsirləri nəzərə alaraq qeyri-iş günlərinin sayının azaldılmasının tərəfdarıdır. O qeyd edir ki, ölkəmizdə qeyri-iş günləri mövzusuna yenidən baxılmalı və bu mövzu təkcə sahibkarların deyil, həm də vətəndaşların xeyrinə olsun deyə tənzimlənməlidir.
Mövzuya toxunan millət vəkili Fazil Mustafa da hesab edir ki, vəziyyət dünya standartlarına uyğunlaşdırılmalı, hərtərəfli maraqlar nəzərə alınmalıdır:
“Sahibkarların müəyyən maraqları nəzərə alınmalıdır ki, o, işçini işə götürməyə maraqlı olsun. O cümlədən vətəndaşların da istirahət hüquqları nəzərə alınmalıdır. Elə yerlər var ki, işçiləri şənbə günləri də işlədirlər. Restoran, şadlıq evləri, başqa bizneslərdə səhərdən axşam yeddiyədək çalışırlar. Bu işçilərin də istirahət hüququ təmin olunmalıdır. Təbii ki, bütün bunlar üçün konkret tədqiqatlar aparılmalı və bir iş ortaya qoyulmalıdır".
Əmək Hüquqları Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov isə “Şərq”ə açıqlamasında məsələyə fərqli baxış sərgiləyib:
“Ölkəmizdə bayram günlərinin sayı artıq olsa da həmin günləri iş başında keçirənlər də çox olur. Dövlət sektoru və xidmət sahələrində çalışan insanlar bayramlar günlərinin hamısını evdə otursalar da, elə sahələr var ki, bu tətil onlara aid edilmir. Özəl şirkətlərin bir çoxunda qeyd olunan istirahət günlərində belə insanlar əməyə cəlb olunur.
Fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrinin işçiləri qeyri-iş günlərində işə cəlb edilir.
Hətta 21 günlük tətil bəzi əhəmiyyətli dövlət qurumlarının əməkdaşlarına da aid edilmir. Yeri gəlmişkən bu da insanlar arasında narazılıq yaradan səbəblərdən biridir”.
Bayram günlərində ölkə iqtisadiyyatının itki verməsi ilə bağlı iddialara gəldikdə isə S.Məmmədov əmək bazarının 70 faizinin qeyri-formal olduğunu deyib.
Bu cür sahələrdə isə insanların əməyi istismar olunur. Onlara nəinki bayram günləri, heç şənbə və bazar günləri də istirahət verilmir: İşçilər gündəlik iş saatından artıq və istirahətsiz çalışdırılır, əlavə iş saatlarına görə ödəniş edilmir.
Ekspertin sözlərinə görə, bizdə kölgə iqtisadiyyatının faiz göstəricisi yüksək olduğuna görə, qeyri-iş günündə ölkə iqtisadiyyatının nə qədər itirdiyini hesablamaq çox çətindir:
“Hətta ölkənin ən güclü iqtisadçıları belə dəqiq məbləğ hesablaya bilməz. Başqa ölkələrdə bunu hesablaya bilərlər, çünki onlarda kölgə iqtisadiyyatı əmək bazarının cüzi bir hissəsini əhatə edir. Bizdə isə kölgə iqtisadiyyatının həcmi 52 faizdən çoxdur”.
Dünya standartlarına gəldikdə isə S.Məmmədov Azərbaycanda qeyri-iş günlərinin sayının bir çox ölkələrlə müqayisədə həddindən artıq çox olması iddiası ilə razılaşmır. Onun sözlərinə görə, bizə qonşu olan Rusiyada yeni ildə 10 gündən çox qeyri-iş günü hesab olunur:
“Digər region ölkələrində də bayram günlərinin sayı kifayət qədərdir. Avropanın bir çox ölkələrində, hətta Çinin özündə belə bu cür uzunmüddətli tətillər var. Ola bilər ki, hansısa ölkələrdə bizdən 2 dəfə az olsun. Belə ölkələrdə qeyri-formal əmək bazarının həcmi də ölkəmizlə müqayisədə böyükdür”.
Məlumat üçün bildirək k, Şri-Lankada 25, Hindistan və Qazaxıstanda 21, Kolumbiya, Filippində, Çin və Honq-Konqda 17, Tayland, Türkiyə və Pakistanda 16, Yaponiya, Malayziya, Argentina, İsveçdə 15, İndoneziya, Çili, Slovakiyada 14, Cənubi Koreya, Avstriya, Belçika, Norveç, Tayvan, Nepalda 13, Finlandiya, Rusiyada 12, Sinqapur, İtaliya, Danimarka, Fransa, Mərakeş, Çexiya və Lüksemburqda isə bu müddət 11 gün qeyri-iş günüdür.