Vətəndaşların şikayətlərini bələdiyyələr dinləyib, yerindəcə həllinə nail olmalıdır
"Mütləq dövlət başçısı səviyyəsində qərar verilməli və ölkədə Konstitusiya islahatları aparılmalı “Böyük Şəhər Bələdiyyələri” ilə bağlı məsələ də orada ehtiva olunmalıdır"
Azərbaycanda vahid bələdiyyə sistemi yaradılması məsələsi yenidən parlamentin gündəminə gətirilib. Milli Məclisin Regional siyasət komitəsinin sədri Siyavuş Novruzovun fikrincə, ilkin olaraq, Gəncə, Sumqayıtda şəhər bələdiyyələrinin vahid bələdiyyə sistemi yaradılmalı, əgər bu effektli olarsa, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması məsələsinə baxılmalıdır.
Bələdiyyələrin birləşdirilməsinin vacibliyinə diqqət çəkən deputat hesab edir ki, bələdiyyə üzvlərinin sayı azaldılmalıdır: “Həmçinin bələdiyyə sahəsində kifayət qədər qanun var. Lakin onların hamısının Bələdiyyə məcəlləsi şəklində birləşdirilməsi daha məqsədəuyğun olardı”.
Qeyd edək ki, Azərbaycanın Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də məhz iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması ilə bağlıdır.
Ta o zamanlardan bu məsələ ölkədə ciddi müzakirə predmetinə çevrilib. Vahid bələdiyyə sisteminin yaradılmasını təhlil edən ekspertlər də böyük şəhər bələdiyyəsinin yaradılmasını dəstəkləyir. Amma hansısa qurumlar bu sistemin yaradılmasında maraqlı deyil. Əks halda məsələ bu qədər uzanmaz və müsbətə doğru bir irəliləyiş hiss olunardı.
İqtisadçı-ekspert Natiq Cəfərlinin "Şərq"ə açıqlamasında deyib ki, vahid bələdiyyə sistemi ilə bağlı real addımların atılması üçün ortada siyasi iradə olmalıdır.
Mütləq dövlət başçısı səviyyəsində qərar verilməli və ölkədə Konstitusiya islahatları aparılmalı “Böyük Şəhər Bələdiyyələri” ilə bağlı məsələ də orada ehtiva olunmalıdır. Hətta 44 günlük qələbəmiz belə yeni Konstitusiyada öz əksini tapmalıdır. İnzibati ərazi quruluşunun dəyişdirilməsi, yaradılan 14 iqtisadi rayonun inzibati ərazi vahidinə çevrilməsi, icra hakimiyyətlərinin ləğv edilməsi, bələdiyyə institutlarının gücləndirilməsi və səlahiyyətlərinin artırılması, böyük şəhər bələdiyyələrinin yaradılması və onların səlahiyyətlərinin müəyyənləşdirilməsi kimi məsələlər yeni Konstitusiya islahatları ilə daha tez və effektiv həll oluna bilər. Çünki bu orqanlar Konstitusiya ilə təsbit olunub. Qanunla nəyisə dəyişmək mümkün deyil. Ona görə də bunu əsas götürərək ümumilikdə yeni bir Konstitusiya layihəsinin yaranmasına ehtiyac var. Ən azından mövcud Konstitusiyamızda köklü dəyişikliklər edilməlidir.
Eyni zamanda proporsional seçki sistemi kimi çoxdandır öz həllini gözləyən digər məsələlər də yeni Konstitusiyada öz həllini tapa bilər”.
Azərbaycanda dünya standartlarına uyğun idarəetmə sisteminin formalaşdırılmasına çox ciddi ehtiyac olduğunu vurğulayan N.Cəfərli məsələnin yenidən parlamentdə gündəmə daşınmasını optimist hal kimi qiymətləndirib:
“Demək ki, real addımların atılması ilə bağlı qərarların verilməsi istisna deyil. İctimai təşkilatlar, siyasi partiyalar, media, vətəndaş cəmiyyətləri də bu müzakirələrin davamlı olmasında və Azərbaycanda yeni idarəetmə sisteminin formalaşmasında maraqlı olmalıdır. Sadaladığımız məsələlər öz həllini tapsa ölkəmiz kifayət qədər ciddi bir resurs qazanacaq. Bu da öz növbəsində iqtisadi və sosial yüksəlişə rəvac verəcək”.
Ekspertin sözlərinə görə, yerli özünüidarətmə sisteminin gücləndirilməsi, bələdiyyələrin səlahiyyətlərinin artırılması mərkəzi hökumətin də yükünü azaldacaq:
"Bu gün vətəndaşlar üzləşdikləri sosial-iqtisadi problemlərlə bağlı hansı quruma müraciət edəcəyini bəzən anlaya bilmir.
Bakıya yazır, ölkə başıçısına müraciət edir. Halbuki, prezident ölkə əhəmiyyətli işlərlə məşğul olmalı, vətəndaşların şikayətlərini isə bələdiyyələr dinləyib yerindəcə həllinə nail olmalıdır".