Qəza baş verdikdə peşmanlıq fayda vermir

Bütün iş yerlərində təhlükəsiz əmək şəraiti yaradılmalıdır

Qaz sızması, kənar qoşulmalar, qaz qurğuları və avadanlıqlarının texniki sazlığı daim yoxlanmalıdır

Baş nazir Əli Əsədov əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aşkarlanması və aradan qaldırılması işinin təşkilini təmin etmək məqsədilə sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 6 ay müddətində Azərbaycan Respublikası Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon (şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə ölkə üzrə insanların kütləvi toplaşdığı bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılması tapşırılır.

“Bütün növ obyektlər”ə insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalar, o cümlədən yataqxanalar, mehmanxanalar, sanatoriyalar, istirahət evləri, kempinqlər, motellər və sair, mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlər, xəstəxanalar, təhsil müəssisələri, tamaşa və mədəni-marif təşkilatlarının binaları (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.), əhaliyə xidmət göstərən bütün ictimai obyektlər (ticarət mərkəzləri, kafelər, restoranlar və s.) daxildir. Sərəncamdan irəli gələrək Fövqəladə Hallar Nazirliyi aparılan yoxlamaların gedişatı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat verməlidir. Sərəncam imzalandığı gündən qüvvədədir. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında Baş nazirin sərəncamının zamanın tələbi olduğunu bildirdi: 

- Paytaxtda baş vermiş dəhşətli hadisə (“Location” gecə klubundakı məlum partlayış) iş yerlərində, ümumiyyətlə, isə ictimai-iaşə obyektlərində, insanların daha çox cəmləşdiyi məkanlarda təhlükəsizlik tədbirlərinin nə qədər vacib olduğunu bir daha göstərdi. Təbii ki, insanlarda həm təəssüf, həm də narahatlıq doğurdu. Ona görə hesab edirəm ki, bu sərəncam təqdirəlayiqdir. İş yerlərində sərəncamda göstərilən qurumlar tərəfindən yoxlamalar aparılacaq. Nöqsanlar və çatışmazlıqlarla bağlı zəruri tədbirlər görüləcək. Bu da öz növbəsində insanların rahat, sağlam və təhlükəsizliyi üçündür. Qeyd edim ki, ümumiyyətlə, bütün iş yerlərində məsul şəxslər tərəfindən təhlükəsiz əmək şəraiti yaradılmalıdır. İşçilərin həyat və sağlamlığı üçün heç bir təhlükə riski olmamalıdır. 

E.Nurəliyev təyinatlı obyektlər üçün təhlükəsizliklə bağlı tövsiyələrini də qeyd etdi: 

- Obyektlərdə qaz təsərrüfatına dair təhlükəsizlik tədbirləri çərçivəsində cavabdeh şəxslər tərəfindən qaz xətlərinə mütəmadi baxış keçirilməlidir. Qaz sızması, kənar qoşulmalar, qaz qurğuları və avadanlıqlarının texniki sazlığı daim yoxlanmalıdır. Obyektdə yarana biləcək fövqəladə hallarla bağlı təhlükə riskləri nəzərə alınmaqla elektrik xətlərinə texniki baxış keçirilməlidir. Digər təhlükə riskləri nəzərə alınmaqla yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsinə ciddi nəzarət təşkil edilməlidir. Obyekt sahibləri, rəhbər şəxslər vaxt itirmədən bu vacib işləri həyata keçirsinlər. Hər hansı qəza baş verdikdə peşmanlıq artıq fayda vermir.