Sənədsiz uşaqlar insan alveri qurbanlarının övladları deyil


Dünyaya gəlmiş körpənin qeydiyyata salınmamasının müxtəlif səbəbləri olur

"Son zamanlar icbari tibbi sığorta üçün müraciətlərin artması da sənədsiz körpələrin aşkarlanmasına yol açır"

2021-ci ildə qeydiyyat şöbələrinin və onların bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 972 uşaq aşkarlanıb. Bu barədə  məlumat Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik hesabatında əksini tapıb. Hesabatda qeyd olunur ki, müvafiq sənədlərin olmadığı uşaqlardan 937-si qeydə alınıb, digərlərinə doğum faktının müəyyənləşməsi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün hüquqi yardım göstərilib.

Sənədsiz uşaqlar arasında insan alveri qurbanlarının övladlarının olması ehtimalları da səslənir. Əsas məsələ isə bu uşaqların necə, hansı şəraitdə  aşkarlanmasıdır. Bu barədə “Şərq”ə danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd etdi ki, uşaqların sənədsiz qalması sadəcə, valideyn məsuliyyətsizliyi, səhlənkarlığının nəticəsidir: 

- Xeyr, bu uşaqlar insan alveri qurbanlarının övladları deyil. Lakin onlar, məhz sənədsiz olduqlarına, qeydiyyata alınmadıqlarına görə insan alverinin potensial qurbanı hesab olunur. Bu uşaqlar əsasən valideyn diqqətsizliyi, səhlənkarlığı və məsuliyyətsizliyi səbəbindən  qeydiyyata salınmayıb və heç bir sənədləri də olmayıb. Dünyaya gəlmiş körpənin qeydiyyata salınmamasının müxtəlif səbəbləri olur. Burada qeyri-rəsmi nikahdan doğulanlar, atalığın müəyyən olunmaması, evdə doğuş halları, baxımsız körpələr, valideynin imtina etdiyi körpələr, regionda doğulub Bakıda yaşayan, yaxud əks halın yaşanması səbəbləri var ki, bu kimi hallarda körpələr qeydiyyatdan kənar qalır və heç bir sənədləri də olmur. Bu uşaqlar arasında roman qrupuna aid ailələrin övladları da ola bilər.  Məlumdur ku, ölkə ərazisində yaşayan romanların heç özləri qeydiyyata düşmür, nəinki körpələr. 
K.Ağazadə bildirdi ki, sənədsiz uşaqlar bir çox hallarda məhkəmə prosesləri zamanı aşkarlanır: 
- Atalığın müəyyənləşməsi, yaxud aliment  təyini üçün məhkəməyə müraciət edildikdə məlum olur ki, körpənin heç bir sənədi yoxdur.  Həkimə, poliklinikaya müraciət edildikdə sənəd tələb edilir. Son zamanlar icbari tibbi sığorta üçün müraciətlərin artması da sənədsiz körpələrin aşkarlanmasına yol açır. Bağçaya, məktəbəqədər hazırlığa, hətta məktəbə qeydiyyat üçün körpənin sənədi tələb edildikdə, valideyn “ayılır” ki, uşağın hələ də sənədi yoxdur. Azərbaycan Uşaqlar Birliyinə belə müraciətlər çox daxil olur, valideyn uşağa sənəd düzəltmək istədiyini deyir, biz də lazımi instansiyalara yönləndiririk. Uşaq gələcəkdə hər hansı problemlə üzləşməsin deyə, mütləq qeydiyyata alınmalıdır ki, müvafiq sənədləri də olsun, vətəndaşlığı da müəyyənləşsin.